Rayon rəhbəri Milli Məclisin deputatı ilə birlikdə şəhid anası Səadət Bağırovanı 50 illik yubileyi münasibəti ilə təbrik ediblər
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Sahib Alıyevlə birlikdə Bərdə rayonunun Hacılı kəndində Vətən müharibəsi şəhidi Bağırlı Mirsədi Mircəfər oğlunun anası Bağırova Səadət Binnət qızını 50 illik yubileyi münasibəti ilə ziyarət ediblər.
Şəhid anasını təbrik edən rayon rəhbəri ona uzun ömür, can sağlığı arzulayıb. Vətənə Mirsədi kimi igid oğul bəxş etdiyi üçün ona öz minnətdarlığını bildirib, şəhid analarının elimizin, obamızın baş tacı, fəxrimiz olduğunu, vətənə layiqli, vətənpərvər oğullar böyütdükləri üçün onların da Vətən qədər əziz olduqlarını vurğulayıb, anaya rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və gül dəstəsi təqdim edib, ailənin qayğıları ilə maraqlanıb.
Vətən müharibəsində igidlik göstərən oğullardan danışan Milli Məclisin deputatı tərtərlilərin müharibə dövründə göstərdikləri dözüm və dəyanətdən, gənclərin, eləcə də Mirsədinin döyüş şücaətlərindən söhbət açıb. Müstəqil Azərbaycanın Mirsədi kimi oğulları ilə fəxr etdiyini bildirib, Ali Baş Komandanın şəhid və qazi ailələrinə göstərdiyi diqqət və qayğını dilə gətirib.
Qeyd edək ki, Mirsədi Bağırlı 2000-ci ilin iyun ayının 12-də Tərtər şəhərində anadan olub. O, 2020-ci ilin 17-18 avqustunda Azərbaycan–Ermənistan dövlət sərhədinin Qazax rayonu sahəsində Babaqar dağı istiqamətində gedən hərbi əməliyyatda savaşıb. Həmin əməliyyat nəticəsində Dövlət Sərhəd Xidmətinin mövqelərinin 1700 metr irəliyə gəlməsinə nail olunub. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Mirsədi Bağırlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı əvvəlcə Kəlbəcər istiqamətində, sonra isə Hadrutun və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mirsədi Bağırlı oktyabrın 10-da Cəbrayıl döyüşləri zamanı şəhid olub. Bərdə rayonunun Mehdixanlı kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Mirsədi Bağırlı ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.