Rayon rəhbəri Milli Məclisin deputatı ilə birlikdə Birinci Qarabağ Müharibəsi şəhidi Şamil Əhmədovun ailəsini ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Sahib Alıyev, YAP rayon təşkilatının sədri Eldar Əsədov və rayon Ağsaqqallar şurasının sədri Faiq Məmmədovla birlikdə rayonun Düyərli kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Əhmədov Şamil İsmayıl oğlunun ailəsini ziyarət edib, onların problemləri və qayğıları ilə maraqlanıblar.
Görüşdə rayon rəhbəri Birinci Qarabağ müharibəsində, 44 günlük Vətən müharibəsində və lokal xarakterli antiterror əməliyyatları zamanı tərtərli oğulların döyüşlərdə göstərdiyi sücaətlərdən söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu, belə igid oğullar böyütdükləri üçün şəhid valideyinləri qarşısında baş əydiyini bildirib, qazanılan tarixi zəfərdən sonra işğaldan azad olunmuş torpaqlarda aparılan nəhəng quruculuq işlərindən söhbət açıb.
Rayon rəhbəri dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşdığını, dövlət başçısının hər kəsə şəhid və qazi ailələrinin problemlərinə həssaslıqla yanaşmağı tapşırdığını bildirib.
Qeyd edək ki, şəhid Əhmədov Şamil İsmayıl oğlu 1973-cü il yanvar ayının 7-də Tərtər rayonunun Düyərli kəndində anadan olub.
Orta təhsilini Səhlabad kənd orta məktəbində aldıqdan sonra 1991-ci ilin may ayında keçmiş Sovet Ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılıb. Həmin dövrdə Sovetlər ittifaqı dağıldıgına görə o, həqiqi hərbi xidmətini başa çatdırmamış Vətənə qayıdır. Tərtər rayon hərbi komissarlığı həqiqi hərbi xidmətini başa çatdırmaq üçün onu yenidən 1992-ci ilin avqust ayında Milli Ordu sıralarına hərbi xidmətə göndərir. 703 saylı hərbi hissədə xidmət etməklə o, Ağdərə bölgəsində erməni işğalçılarına qarşı aparılan bütün döyüşlərdə istirak edir və dəfələrlə yaralanmasına baxmayaraq tam sağalmamış belə yenidən döyüşlərə atılır. 27 dekabr 1993-cü ildə Ağdərə bölgəsində Madagiz kəndi ətrafında geden döyüşdə şəhid olur.
Subay idi. Səhləbad kənd qəbiristanlığında dəfn edilib.
Şəhidin ailə üzvləri şəhid ailələrinə və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.