Rayon rəhbəri Millət vəkili ilə birlikdə şəhid anasının yubileyini təbrik etdi
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Sahib Alıyev və YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Gəncə şəhərində Vətən Müharibəsi Qəhrəmanı, şəhid Əliyev Anar Vaqif oğlunun anası Səkinə xanımın 70 illik yubileyi münasibəti ilə onu ziyarət edib. Şəhid anasını təbrik edərək ona səmimi arzularını çatdırıb, hədiyyə, gül dəstəsi və rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə təqdim edərək, ailənin qayğıları ilə maraqlanıblar.
Rayon rəhbəri bütün şəhid valdeyinlərinin baş tacımız olduğunu bildirib. Şəhidin valideynlərinə Anar kimi igid bir oğul böyütdükləri üçün öz minnətdarlığını bildirib.
Millət vəkili Sahib Alıyev də Səkinə xanımı təbrik edərək, Anar kimi qəhrəman oğul böyüdən ananın da qəhrəman olduğunu bildirib.
Görüşdə 44 günlük Vətən müharibəsində tərtərli oğulların göstərdiyi döyüş sücaətlərindən söhbət açılıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu bildirilib. Qarabağı görməyən gənclərin qəhrəmanlığı, peşəkar döyüşçü olmaları sayəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunduğunu qeyd olunub.
Qeyd edək ki, Azərbaycan Ordusunun polkovnik-leytenantı Əliyev Anar Vaqif oğlu 1980-cı il avqustun 28-də Kəlbəcər rayonunun Boyaqlı kəndində anadan olub. İngilis dili müəllimləri olan ata və anasının 1981-ci ildə Ağdərə rayonunun Levonarx məktəbinə təyinatlarından sonra ailə həmin rayona köçüb. 1988-ci ildə isə milli zəmində Ermənistanın başladığı qanlı hadisələrdən sonra Əliyevlər ailəsi Tərtər rayonunun Bəyimsarov kəndinə köçmək məcburiyyətində qalırlar. Oktyabrın 21-də Xocavəndin Tuğ kəndində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Oktyabır ayının 25-də II Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.
Şəhid Anar Əliyev sağlıqında “Vətən uğrunda”, Azərbaycan Respublikası Prezidenti adından Müdafiə nazirinin əmri ilə “Şücaətə görə”, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001), Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008), Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013), “Hərbi xidmətdə fərqlənməyə görə” 1-ci və 2-ci dərəcəli, “Qüsursuz xidmətlərə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medalları ilə, 44 günlük Vətən müharibəsində Zəngilanın, Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı, "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.
Şəhidin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.