Rayon rəhbəri Mamırlı və İrəvanlı kəndlərində barama qurdlarının bəslənilməsi vəziyyəti ilə tanış olub
“Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair Dövlət Proqramı”nın icrasının həyata keçirilməsi istiqamətində rayonumuzda kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi üçün 2026-cı ildə ipəkqurdu saxlanılacaq yerlər və kümçülər müəyyənləşdirilmiş, yem bazasının yaxşılaşdırılması məqsədilə tut tinglərinin becərilməsi davam etdirilmişdir.
Bu gün Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Mamırlı və İrəvanlı kəndlərində ipəkqurdunun bəslənilməsi vəziyyəti ilə tanış olub, kümçülərə müvafiq tövsiyə və tapşırıqlarını verib.
Qeyd edək ki, ötən il Tərtər rayonunda 6,5 ton barama istehsal edilib. Bu il isə 12 tona yaxın yaş barama istehsalı nəzərdə tutulub. Bu məqsədlə Qax Damazlıq İpəkçilik Stansiyasından 300 qutu ipəkqurdu gətirilərək kümçülərə təhvil verilib. Rayonun yaşayış məntəqələrində fəaliyyət göstərən kümçülərə kümxanaların hazırlanmasında qabaqcadan mütəxəssislər tərəfindən müvafiq təlimatlar verilib, ipəkqurdunun aqrotexniki qaydada bəslənməsi üçün maarifləndirici bukletlər paylanıb.
Rayon ərazisindəki mövcud və yeni əkilən tut ağacları, əhalinin baramaçılıq sahəsindəki zəngin təcrübəsi və bu sahənin yüksək gəlirliliyi yaxın gələcəkdə barama istehsalını dəfələrlə artırmağa geniş imkanlar açır.






