Rayon rəhbəri Kovdadıq kəndində kənd ağsaqqalı, fermer Vüqar Quliyevin ailəsini ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun Kovdadıq kəndində kənd ağsaqqalı, fermer Vüqar Quliyevin ailəsini ziyarət edib. Rayon rəhbəri ailənin yaşayış şəraiti ilə maraqlanıb, onları narahat edən məsələləri və təklifləri dinləyib.
Görüş zamanı rayon rəhbəri ölkəmizdə aqrar sahənin inkişafı istiqamətində həyata keçirilən dövlət siyasəti, fermerlərə göstərilən hərtərəfli dövlət dəstəyi, subsidiya mexanizmlərinin təkmilləşdirilməsi, müasir texnologiyaların tətbiqi və torpaqdan səmərəli istifadənin əhəmiyyəti barədə kənd ağsaqqalı ilə geniş fikir mübadiləsi aparıb.
İcra başçısı qeyd edib ki, Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən kənd təsərrüfatının inkişafı məsələlərinə həsr olunmuş müşavirələrdə aqrar sahənin dayanıqlı inkişafının təmin edilməsi, ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi, məhsuldarlığın artırılması, innovativ yanaşmaların tətbiqi və fermerlərin fəaliyyətinin daha da stimullaşdırılması ilə bağlı mühüm tapşırıqlar verilib. Bu tapşırıqların icrası kənd təsərrüfatının inkişafına, kənd əhalisinin məşğulluğunun artırılmasına və regionların sosial-iqtisadi yüksəlişinə mühüm töhfə verir.
Rayon rəhbəri vurğulayıb ki, Tərtər rayonunda da dövlət başçısının müəyyən etdiyi tapşırıqlara uyğun olaraq aqrar sahənin inkişafı, fermerlərin qarşılaşdıqları problemlərin operativ həlli və kənd təsərrüfatı istehsalının genişləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər davamlı olaraq həyata keçirilir.
Məlumat üçün bildirilib ki, kənd ağsaqqalı Vüqar Quliyev Azərbaycan Dövlət Aqrar Universitetini bitirib. O, uzun illərdir kənd təsərrüfatı sahəsində fəaliyyət göstərir və hazırda fermer kimi fəaliyyət göstərir. İki oğul atası, iki nəvə babası olan Vüqar Quliyev öz zəhməti, zəngin təcrübəsi və səmərəli fəaliyyəti ilə rayonda kənd təsərrüfatının inkişafına töhfə verən nümunəvi sakinlərdəndir.
Görüşün sonunda fermer Vüqar Quliyev onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ailəsi adından dərin minnətdarlığını ifadə edib. O, dövlət tərəfindən kənd təsərrüfatı subyektlərinə göstərilən dəstəyin fermerlərin daha səmərəli fəaliyyət göstərməsinə, yerli istehsalın artırılmasına və kəndin ümumi inkişafına böyük stimul yaratdığını vurğulayıb.






