Rayon rəhbəri “Konstitusiya və Suverenlik İli” ilə bağlı şəhid anası Bəsirə Nuruyevanı ziyarət edib
“Konstitusiya və Suverenlik İli” ilə bağlı Tərtər rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə birinci Qarabağ müharibəsi şəhidi Nuruyev Rafiq Əli oğlunun anası Bəsirə Nuriyevanı ziyarət edib, ailənin qayğıları və problemləri ilə maraqlanıb.
Qeyd edək ki, Şəhid Nuriyev Rafiq Əli oğlu 1969-cu il may ayının 26-da Tərtər şəhərində anadan olub. Tərtər şəhər 6 nömrəli orta məktəbdə təhsilini başa vurduqdan sonra 1987-ci ildə Sovet Ordusu sıralarına hərbi xidmətə gedib. 1989-cu ildə hərbi xidmətdən qayıdaraq Bakıda Səttarxan adına zavodda işləməyə başlayıb. Qarabağ hadisələri başlanan vaxtdan erməni işğalçılarının torpaqlarımızda törətdikləri vəhşiliklərə dözməyərək düşmənə qarşı döyüşmək əzmi ilə 1991-ci ilin noyabr ayında könüllü olaraq milli Ordu sıralarına yazılıb. İlk Azərbaycan batalyonunun tərkibində Kərkicahan və Malıbəyli kəndlərinin müdafiəsi uğrunda döyüşlərdə iştirak edib. 1992-ci il yanvar ayının 26-da Daşaltı əməliyyatında şəhid olub. Subay idi.
Şəhid anası şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.