Rayon rəhbəri “Konstitusiya və Suverenlik İli” çərçivəsində şəhid İsaxlı Anarın ailəsini ziyarət edib
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov Hüquq mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə rayonunun Cəmilli kəndində şəhid İsaxlı Anar Rəsul oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanaraq, Vətənə Anar kimi igid oğul bəxş etdikləri üçün minnətdarlığını bildirib.
Görüşdə şəhid Baxışlı Baxışın atası Elşən Bağırov, Birinci Qarabag müharibəsinin birinci qrup əlili, Azərbaycan Bayrağı ordenli Mustafayev İlham Abbas oğlu, Birinci Qarabağ müharibəsinin ikinci qrup əlili Mahmudov Fizuli Mirzə oğlu, Vətən müharibəsinin üçüncü qrup əlili İsaxov Rasim Fərman oğlu iştirak ediblər.
Anarın keçdiyi döyüş yolundan danışan rayon rəhbəri onun qısa, lakin mənalı ömür yolunun gənclərə vətənpərvərlik hisslərinin aşılmasında mühüm rol oynadığını bildirib.
Qeyd olunub ki, Azərbaycan Ordusunun müddətdən artıq xidmət keçən hərbi qullluqçusu İsaxlı Anar Rəsul oğlu 1997-ci il may 30-da Tərtər rayonunun Cəmilli kəndində anadan olub.
Anar İsaxlı 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində vuruşub və yaralanıb. Buna görə də qısa müddətli məzuniyyətə göndərilib. Anar İsaxlı oktyabrın 20-də Ermənistan Silahlı Qüvvələrinin Tərtər rayonunu atəşə tutması nəticəsində şəhid olub. Tərtər rayonunda dəfn olunub.
Şəhid İsaxlı Anar 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərmizə rəhmət, qazilərimizə, veteranlarımıza isə can sağlığı versin!