Rayon rəhbəri “Konstitusiya və Suverenlik İli” çərçivəsində Şəhid Fəqan Yaqubovun ailəsini ziyarət edib
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Dövlət Təhlükəsizlik Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Rəşad Nadirov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Pərviz Hüseynov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədovla birlikdə Sarıcalı kəndində Birinci Qarabağ Müharibəsinin şəhidi Yaqubov Fəqan Misir oğlunun ailəsini ziyarət edib.
Ziyarət zamanı rayon rəhbəri ölkə Prezidenti cənab İlham Əliyevin şəhid və qazi ailələrinə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Şəhid və qazilərin qəhrəmanlıqlarından söz açıb və bildirib ki, bu gün onların qanı-canı bahasına torpaqlarımız işğaldan azad olub, suverenliyimiz bərpa edilib.
Qeyd edək ki, Yaqubov Fəqan Misir oğlu 1973-cü il iyun ayının 7-də Tərtər rayonunun Sarıcalı kəndində anadan olmuşdur. Orta təhsilini həmin kənd orta məktəbində aldıqdan sonra Bərdə rayonunda 105 saylı Texniki Peşə Məktəbində sürücülük ixtisasını öyrənmişdir. 1991-ci il iyun ayında keçmiş Sovet Ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılmışdır. SSRİ dağıldıqdan sonra doğma vətənə qayıtmış və 1992-ci ilin əvvəllərindən hərbi xidmətini davam etdirmək üçün könüllü surətdə “Tərtər özünümüdafiə batalyonu”na daxil olur. Bu batalyonun tərkibində torpaqlarımızın müdafiəsi uğrunda Ağdərə bölgəsində erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmişdir. 1992-ci il avqust ayının 7-də Ağdərə rayonunun Çıldıran kəndi uğrunda gedən döyüşdə itkin düşmüşdür. 28 iyun 2024-cü ildə şəhidin nəşi tapılaraq Tərtər rayonunun Sarıcalı kəndində dəfn edilmişdir. Subay idi.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.






