Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri “Konstitusiya və Suverenlik İli” çərçivəsində birinci Qarabağ müharibəsi şəhidi Qurban Quluyevin ailəsini ziyarət edib

12 iyun 2025 | 14:10

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov Dövlət Təhlükəsizlik Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Rəşad Nadirov və YAP rayon təşkilatının sədri Eldar Əsədovla  birlikdə Qapanlı kəndində birinci Qarabağ müharibəsi şəhidi Quluyev Qurban Camal oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıblar.

Görüşdə birinci Qarabağ müharibəsinin 2-ci qrup əlili Əliyev Daşqın Yusif oğlu da iştirak edib.

Qeyd edək ki, şəhid Quluyev Qurban Camal oğlu 1968-ci il yanvar ayının 7-də Tərtər rayonunun Qapanlı kəndində anadan olmuşdur. Orta təhsilini həmin kənd orta məktəbində aldıqdan sonra 1986-cı il iyun ayında keçmiş Sovet Ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılmışdır. 1987-ci ilədək Mari şəhərində, 1987-1988-ci illərdə isə Əfqanıstanda xidməti borcunu yerinə yetirmişdir. Hərbi xidməti başa vurduqdan sonra doğma kəndlərinə qayıtmış, bir müddət orada yaşadıqdan sonra 1989-cu ilin sentyabr ayında Bakı şəhərinin Qaradağ rayonuna getmiş, orada 61 saylı Texniki Peşə Məktəbində daşkəsən kombaynın sürücüsü ixtisasını öyrənmişdir. Bundan sonra Qaradağ rayonunun daş karxanasında işə başlamışdır. Burada işlədiyi müddətdə Azərbaycan İnşaat-Mühəndislər İnstitutunun axşam şöbəsinə daxil olmuşdur. 1992-ci ilin aprel ayının 4-də Qaradağ rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına səfərbər edilir. Xidmət etdiyi N saylı hərbi hissənin tərkibində Laçın, Şuşa, Füzuli, Qubadlı döyüş bölgələrində ermənilərə qarşı aparılan müharibədə fəal iştirak etmişdir. 1992-ci ilin noyabr ayında Qubadlı rayonunda minaya düşərək ağır yaralanır və 3 ay Bakı şəhərində hərbi qospitalda müalicə olunduqdan sonra yenidən döyüşə qayıdır. 1994-cü il yanvar ayının 1-də o, N saylı hərbi hissəyə kəşfiyyat rotasının komandiri vəzifəsinə dəyişdirilir. Bu hərbi hissədə xidmət etdiyi müddətdə Kəlbəcər istiqamətində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak edir və özünü cəsur hərbçi kimi göstərir. 1994-cü il fevral ayının 17-də Kəlbəcər rayonunun Yanşak kəndi uğrunda gedən döyüşdə şəhid olur.

Subay idi. Şəhid olduğu ərazidə Meydançay çayının yaxınlığında dəfn edilib.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz  minnnətdarlıqlarını bildiriblər.

Keçidlər