Rayon rəhbəri “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Azərbaycan Bayrağı” ordenli Vətən müharibəsi şəhidi Aslan Hüseynovun ailəsini ziyarət edib
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov Dövlət Təhlükəsizlik Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Rəşad Nadirov, YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Qaradağlı kəndində Vətən müharibəsi şəhidi Hüseynov Aslan Malik oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıblar.
Hüseynov Aslan Malik oğlu 1985-ci ildə Tərtər rayonunun Qaradağlı kəndində anadan olub. Hərbi xidmətdən sonra yenidən Azərbaycan ordusuna qayıdıb, gizir kimi xidmət edib və həmişə öndə gedən döyüşçülərdən olub. O, 2016-ci il aprel döyüşlərində də iştirak edib, düşmənin iki tankını və yük avtomobilini dəqiq artileriya atəşi ilə vuraraq məhv edib. Döyüşlərdə “Şücaətə görə” medalı ilə təltif olunub.
27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən müharibəsində Aslan Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub və doğulduğu kənddə torpağa tapşırılıb.
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 15.12.2020-ci tarixli Sərəncamı ilə o “Azərbaycan Bayrağı” Ordeni, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Aslan Hüseynova “Hərbi xidmətdə fərqlənməyə görə”, “Azərbaycan Ordusunun 100 illiyinə görə” medalları da verilib.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.






