Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri ipək qurdunun saxlanma şəraiti ilə tanış olub

04 may 2023 | 14:14

Respublikamızın hər yerində olduğu kimi, Tərtər rayonunda da ölkə iqtisadiyyatının əsas tərkib hissəsini təşkil edən kənd təsərrüfatı uğurla inkişaf etdirilir. Dövlət başçısı cənab İlham Əliyevin kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı müvafiq fərman və sərəncamlara, verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq məqsədyönlü tədbirlər həyata keçirilir. Kənd təsərrüfatının demək olar ki, bütün sahələrində – pambıqçılıq, taxılçılıq, şəkər çuğunduru, baramaçılıq, eləcə də digər sahələri üzrə yüksək göstəricilər əldə olunur.

"Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Respublika Prezidenti İlham Əliyevin 27 noyabr 2017-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar olaraq son illər rayonda baramaçılığın inkişaf etdirilməsi istiqamətində uğurlu tədbirlər həyata keçirilir. İpəkqurdunun yem bazasının yaradılması üçün rayon ərazisində 2016-2023-cü illər ərzində 374 mindən artıq tut tingi əkilib. 2022-ci ildə rayonda 10 min 200 kiloqram barama istehsal edilib. Bu il isə 15 min kiloqram barama istehsalı nəzərdə tutulub. Bu məqsədlə Bərdə Baramaqurutma İdarəsindən gətirilən 375 qutu barama qurdu kümçülərə təhvil verilib.

Bu gün Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun Cəmilli, Dəmirçilər və Seydimli kəndlərində ipək qurdu saxlayan kümçülərlə görüşüb, ipəkqurdunun saxlanma şəraiti və mövcud vəziyyətlə tanış olub.

Rayon rəhbərinə məlumat verilib ki, ipəkqurdu yetişdirmək üçün əvvəlcədən lazım olan bütün hazırlıq işləri görülüb, otaqlar lazımi istiliklə təmin edilib.

Rayon rəhbəri kümçülərə strateji məhsul olan barama istehsalında yüksək məhsuldarlığın əldə olacağına inandığını bildirərək, onlara uğurlar arzulayıb. Mövcud çatışmazlıqların tez zamanda aradan qaldırılması üçün lazimi tövsiyə və tapşırıqlarını verib.

Keçidlər