Rayon rəhbəri Hacıqərvənd kəndində şəhid Rəşad Mirzəlinin ailəsində olub
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri və YAP rayon təşkilatının sədri ilə birlikdə Hacıqərvənd kəndində şəhid Rəşad Mirzəlinin ailəsində olub, onların problemləri və qayğıları ilə maraqlanıblar.
Görüşdə rayon rəhbəri 44 günlük Vətən müharibəsində Tərtərli oğulların döyüşlərdə göstərdiyi sücaətlərdən söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu bildirib. Qarabağı görməyən gənclərin qəhramanlığı, peşakar döyüşçü olmaları sayəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunduğunu, belə igid oğullar böyütdükləri üçün şəhid valideyinləri qarşısında baş əydiyini bildirib. Qazanılan tarixi zəfərdən sonra işğaldan azad olunmuş torpaqlarda aparılan nəhəng quruculuq işlərindən söhbət açıb. Rayon rəhbəri dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşdığını, dövlət başçısının hər kəsə şəhid və qazi ailələrinin problemlərinə həssaslıqla yanaşmağı tapşırdığını bildirib.
Qeyd edək ki, şəhid Rəşad Mirzəli 1995-ci il may ayının 26-da Tərtər rayonunun Hacıqərvənd kəndində anadan olub.
Azərbaycan Ordusunun giziri olan Rəşad Mirzəli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlayan Vətən müharibəsi zamanı Talış və Suqovuşan kəndlərinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, oktyabrın 1-də Suqovuşan döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Tərtər rayonunun Hacıqərvənd kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Rəşad Mirzəli ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunub.
Görüşdə Hacıqərvənd kəndindən olan qazilər Məmmədli Elgiz Vüqar oğlu və Quliyev Beyrək Asif oğlu da iştirak ediblər.
Şəhidin atası Hafiz kişi və qazilər şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib.