Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri Hacıqərvənd kəndində birinci Qarabağ müharibəsi şəhidi Bayramov Firudin Savalan oğlunun ailəsini ziyarət edib

20 noyabr 2023 | 14:39

Tərtər Rayon icra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov rayonun Hacıqərvənd kəndində birinci Qarabağ müharibəsi şəhidi Bayramov Firudin Savalan oğlunun ailəsini ziyarət  edib, ailənin qayğısı və problemləri ilə maraqlanıb.

Rayon rəhbəri bildirib ki, şəhidlərin xatirəsi, onların ailəsi bizim üçün müqəddəsdir. Çünki onların qanı-canı bahasına torpaqlarımız işğaldan azad olub.

Qeyd olunub ki, Bayramov Firudin Savalan  oğlu   1971-ci il sentyabr ayının 1-də Tərtər rayonunun Hacıqərvənd kəndində doğulub. Orta təhsilini Hacıqərvənd kənd tam orta məktəbində aldıqdan sonra 1989-1991-ci illərdə keçmiş Sovet Ordusu sıralarında həqiqi xidmət keçib. Hərbi xidmətini başa vurduqdan sonra 1992-ci ildən Ağdərə Polis Şöbəsində işləməyə başlamışdır. Erməni işğalçılarına qarşı döyüşmək tapşırığı almış Ağdərə Polis Şöbəsinin hər bir əməkdaşı kimi o da Ağdərə bölgəsində ermənilərə qarşı aparılan döyüşlərdə iştirak edib. 1994-cü il aprel ayının 24-də Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olub.

Subay idi. Hacıqərvənd kənd qəbiristanlığında dəfn olunub.

Şəhidin ailə üzvləri  Firudinlə bağlı xatirələrini bölüşərək bildiriblər ki, Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması şəhid ailələrinin qaysaq bağlamayan oğul dərdinə bir məlhəmdir, çünki  canlarından keçdiyi Vətən torpağı bu gün azaddır, o ərazilərdə terrorçu dəstələr yoxdur. Bu gün  Respublika Prezidenti işğaldan azad edilmiş ərazilərdə Ağdərədə, Xankəndində, Xocalıda, Xocavənddə öz əlləri ilə Azərbaycan Bayrağını dalğalandırıb, şəhidlərimizin qisası alınıb.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz  minnnətdarlıqlarını bildiriblər.

Allah bütün şəhidlərmizə rəhmət, qazilərimizə, veteranlarımıza isə can sağlığı  versin!

Keçidlər