Rayon rəhbəri Hacıqərvənd kənd saki, İsveçrənin Sürix Universitetinin Beynəlxalq hüquq fakültəsinə qəbul olmuş Vüsal Hümbətzadəni qəbul edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonumuzun Hacıqərvənd kənd sakini, Azərbaycan Dillər Universitetinin bu ilki məzunu, İsveçrənin Sürix Universitetinin Beynəlxalq hüquq fakültəsinə qəbul olmuş Hümbətzadə Vüsal Nurəddin oğlunu qəbul edib, onun təhsili və gələcək fəaliyyəti ilə maraqlanıb.
Qeyd edək ki, Vüsal Hümbətzadə bu il İsveçrənin Sürix universitetində baş tutan qlobal yarışda Azərbaycanı təmsil edib və 1-ci yeri tutub. Ancaq təhsilini hərbi xidmətdən sonra davam etdirəcək.
Sürix Federal Texnologiya Universiteti (ETH Zurich) dünyanın ən yaxşı universitetləri siyahısında 7-ci yerdə qərarlaşıb. Albert Eynşteyn də həmin universitetin məzunu olub.
Vüsal oxuduğu müddətdə fəal ictimaiyyətçi kimi özünü təsdiq edib. O, əvvəllər təhsil aldığı unversitetdə “Gənc politoloqlar” qrupunun sədri kimi fəaliyyət göstərib, sonra isə fəaliyyətini Pakistan Mədəniyyət Mərkəzində davam etdirib.
Ulu Öndərin 98-ci ildönümünə həsr olunmuş “Qələbəyə aparan yol”-esse müsabiqəsində iştirak edən mindən çox tələbənin içərisində qalib olub.
Azərbaycan Taekvondo Federasiyasının dəstəyi ilə Taekvondo idman növü üzrə Fortis Cgroup–un təşkil etdiyi klublararası döyüşlərdə gənclər arasında 57 kq çəki dərəcəsində birinci yerə layiq görülüb.
Azərbaycan Respublikasının Baş Naziri, Elm və Təhsil Naziri, Pakistan səfirliyi, Pakistan Mədəniyyət Mərkəzi tərəfindən ictimai-siyasi həyatda fəal iştirakına, tədbirlərin təşkili və keçirilməsində fəallıq göstərdiyinə görə dəfələrlə təşəkkürnamə və fəxri fərmanla təltif olunub.
Həmyerlimiz həm də çəkdiyi gözəl rəsm əsərləri ilə baxanları heyran edir.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov da Vüsal kimi gənclərlə qürur duyduğunu bildirərək, ona rayon icra hakimiyyəti adından xatirə hədiyyəsi təqdim edib.