Rayon rəhbəri əsaslı təmir edilən Tərtər Peşə məktəbində son tamamlama işləri ilə tanış olub
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov əsaslı təmir edilən Tərtər Peşə Məktəbində aparılan son tamamlama işləri ilə tanış olub.
Tərtər Peşə Məktəbinin direktoru Əli Babayev rayon rəhbərinə təmir barədə ətraflı məlumat verib. Bildirib ki, məktəbin 5 mərtəbəli tədris binası 1964-cü ildən fəaliyyət göstərməsinə baxmayaraq heç vaxt əsaslı təmir olunmayıb, yardımçı binalar köhnə tikililər olduğundan böyük əksəriyyəti qəzalı vəziyyətdə idi. Uzun illər məktəbdə məcburi köçkünlər məskunlaşdığı üçün məktəb öz görkəmini tamamilə itirmişdi.
Elm və Təhsil Nazirliyinin xətti ilə “SH” MMC şirkəti məktəbdə apardığı əsaslı təmir işləri yekunlaşmaq üzrədir. Məktəbin 1, 2, 3-cü mərtəbələri tədris, 4 və 5-ci mərtəbələri isə yataqxana üçün nəzərdə tutulub.
Qeyd edək ki, məktəbdə 257 nəfər tələbə tədris keçməklə müxtəlif peşələrə yiyələnir. Hazırda Tərtər Peşə Məktəbində 25 nəfər-12 ixtisas fənn müəllimi,13 nəfər isə istehsalat təlim ustası işləyir.
Rayon rəhbəri bildirib ki, bu gün ali təhsillə yanaşı, peşə təhsilinin inkişafı istiqamətində də ardıcıl tədbirlər görülür. Yaradılan şərait pedaqoji heyətin qarşısında mühüm vəzifələr qoyur. Məktəbdə tədris olunan ixtisaslar üzrə peşəkar kadrların hazırlanması daim diqqət mərkəzində saxlanılmalı, tədris prosesi günün tələbləri səviyyəsində qurulmalıdır.
Tərtər Peşə məktəbinin direktoru Əli Babayev Tərtər rayonunda təhsilə, onun maddi-texniki bazasının gücləndirilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm cənab prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib.