Rayon rəhbəri boks idman növü üzrə Avropa çempionatında 3-cü yeri tutan Murad Allahverdiyevi qəbul edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov boks idman növü üzrə 6 qat Azərbaycan çempionu, 2 dəfə Avropa üçüncüsü, 1 dəfə Avropa çempionu, Avropa oyunlarının bürünc mükafatçısı olmuş, 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına ilk lisenziya qazanan idman ustası Murad Allahverdiyevi qəbul edib.
Tərtər boks məktəbinin yetirməsi olan Murad Allahverdiyev Monteneqronun Budva şəhərində 12-17 noyabr tarixlərində 22 yaşadək bokçular arasında keçirilən Avropa çempionatında 3-cü yeri tutaraq, bürünc medal qazanıb.
Rayon rəhbəri Murad Allahverdiyevi idman sahəsində əldə etdiyi uğurlarına görə təbrik edib, ona yeni-yeni uğurlar arzulayıb, ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən, idmanın kütləviliyinin təmin edilməsi məqsədilə görülən işlərdən danışıb. Qeyd edib ki, ölkəmiz ikinci dəfə müstəqillik qazandıqdan sonra idman sahəsində əldə edilən qələbələr ona bir idman ölkəsi kimi nüfuz qazandırıb. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclərə, idmana və idmançılara göstərilən diqqət, qayğı göz qabağındadır.
Görüşdə gənc idmançı Murad Allahverdiyev gələcək planlarından danışıb, idmanın inkişafına və idmançılara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Sonda idmançıya rayon rəhbəri tərəfindən fəxri fərman və xatirə hədiyyəsi təqdim edilib.