Rayon rəhbəri Birinci Qarabağ müharibəsi şəhidi Xəqani Alıquliyevin anasının yas mərasimində iştirak edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun Qaradağlı kəndində Birinci Qarabağ müharibəsi şəhidi Xəqani Alıquliyevin anası Tamara Alıquliyevanın yas mərasimində iştirak edib, mərhumun ailə üzvlərinə başsağlığı verib.
Qeyd edək ki, Alıquliyev Xəqani Cəfər oğlu 1965-ci il yanvar ayının 22-də Tərtər rayonunun Qaradağlı kəndində anadan olmuşdur. Orta təhsilini Qaradağlı kənd orta məktəbində aldıqdan sonra 1983-1985-ci illərdə keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Qarabağ uğrunda müharibə başlamamışdan əvvəl Mingəçevir şəhərində Toxuculuq Fabrikində işləyirdi. Erməni işğalçılarına qarşı döyüşmək arzusu ilə Mingəçevir şəhər hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına səfərbər edilir. Xidmət etdiyi 703 saylı hərbi hissənin tərkibində Ağdərə bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak etmişdir. 1994-cü il mart ayının 4-də Ağdərə uğrunda gedən döyüşdə şəhid olmuşdur. Subay idi.
Mərhumun yaxınları şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.