Rayon rəhbəri Birinci Qarabağ Müharibəsi şəhidi Müşviq İsmayılovun ailəsini ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Mamırlı kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Müşviq İsmayılovun ailəsini ziyarət edib, onların problemləri və qayğıları ilə maraqlanıblar. Görüşdə Vətən Müharibəsinin mülki şəhidləri Abbasov Xaliq və Elşənin atası Abbasov Asif Misir oğlu, Azərbaycan Bayrağı ordenli, Vətən Müharibəsi qazisi Salahov Elnur Elburus oğlu da iştirak ediblər.
Görüşdə rayon rəhbəri Birinci Qarabağ müharibəsində, 44 günlük Vətən müharibəsində və lokal xarakterli antiterror əməliyyatları zamanı tərtərli oğulların döyüşlərdə göstərdiyi sücaətlərdən söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu, belə igid oğullar böyütdükləri üçün şəhid valideyinləri qarşısında baş əydiyini bildirib, qazanılan tarixi zəfərdən sonra işğaldan azad olunmuş torpaqlarda aparılan nəhəng quruculuq işlərindən söhbət açıb.
Rayon rəhbəri dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşdığını, dövlət başçısının hər kəsə şəhid və qazi ailələrinin problemlərinə həssaslıqla yanaşmağı tapşırdığını bildirib.
Qeyd edək ki, şəhid İsmayılov Müşviq Bahadur oğlu 1971-ci il dekabr ayının 31-də Tərtər rayonunun Mamırlı kəndində anadan olmuşdur. Həmin kənd orta məktəbini bitirib və keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra yaşadığı doğma kənddə Mamırlı kolxozunda kolxozçu işləyib. 1993-cü ilin noyabr ayında rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına səfərbər edilib. Xidmət etdiyi Milli Ordunun 703 saylı hərbi hissəsinin tərkibində erməni faşistlərinə qarşı Ağdərə bölgəsində gedən döyüşlərdə iştirak edib. 5 may 1994-cü ildə Ağdərə rayonunun Həsənqaya kəndi uğrunda döyüşdə şəhid olub.
Subay idi. Mamırlı kənd qəbiristanlığında dəfn olunub.
Şəhidin ailə üzvləri şəhid ailələrinə və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.