Rayon rəhbəri Birinci Qarabağ Müharibəsi şəhidi Hüseynov Həbib Təhməz oğlunun ailəsini ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon Ağsaqqallar Şurasının sədri ilə birlikdə rayonun Mamırlı kəndində yaşayan Birinci Qarabağ Müharibəsi şəhidi Hüseynov Həbib Təhməz oğlunun ailəsini ziyarət edib, onların problemləri və qayğıları ilə maraqlanıblar.
Görüşdə rayon rəhbəri Birinci Qarabağ müharibəsində, 44 günlük Vətən müharibəsində və ötən ilin sentyabr ayının 19-da işğaldan azad edilmiş torpaqlarda aparılan lokal xarakterli antiterror əməliyyatlarında tərtərli oğulların göstərdiyi döyüş sücaətlərindən söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu, belə igid oğullar böyütdükləri üçün şəhid valideyinləri qarşısında baş əydiyini bildirib, qazanılan tarixi zəfərdən sonra işğaldan azad olunmuş torpaqlarda aparılan nəhəng quruculuq işlərindən söhbət açıb.
Rayon rəhbəri dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşdığını, dövlət başçısının hər kəsə şəhid və qazi ailələrinin problemlərinə həssaslıqla yanaşmağı tapşırdığını bildirib.
Qeyd edək ki, şəhid Hüseynov Həbib Təhməz oğlu 1973-cü il oktyabr ayının 8-də Tərtər rayonunun Mamırlı kəndində anadan olub. Həmin kənddə orta təhsil alıb. 1992-ci ilin may ayında həqiqi hərbi xidmətə çağırılıb. Bir müddət Bakıda Nasosnuda hərbi təlim keçdikdən sonra Milli Ordu sıralarında erməni təcavüzkarlarına qarşı aparılan mübarizəyə qoşulub. Xidmət etdiyi hərbi hissənin tərkibində Ağdam bölgəsinə gəlib və orada vətən torpağının azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. 1992-ci il oktyabr ayının 1-də Ağdam rayonunun Maqsudlu kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.
Subay idi. O, Mamırlı kənd qəbiristanlığında dəfn edilib.
Mamırlı kənd tam orta məktəbi şəhidin adını daşıyır.
Şəhidin ailə üzvləri Həbib haqqında xatirələrini bölüşüb, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.