Rayon rəhbəri birinci Qarabağ müharibəsi şəhidi, “Azərbaycan Bayrağı” ordenli Allahverdiyev Şahlar Mənsim oğlunun ailəsini ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə rayonun Sarov kəndində birinci Qarabağ müharibəsi şəhidi, “Azərbaycan Bayrağı” ordenli Allahverdiyev Şahlar Mənsim oğlunun ailəsini ziyarət edib, onların problemləri və qayğıları ilə maraqlanıblar.
Görüşdə rayon rəhbəri Birinci Qarabağ müharibəsində və 44 günlük Vətən müharibəsində tərtərli oğulların döyüşlərdə göstərdiyi sücaətlərdən söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu, belə igid oğullar böyütdükləri üçün şəhid valideyinləri qarşısında baş əydiyini bildirib, qazanılan tarixi zəfərdən sonra işğaldan azad olunmuş torpaqlarda aparılan nəhəng quruculuq işlərindən söhbət açıb.
Rayon rəhbəri dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşdığını, dövlət başçısının hər kəsə şəhid və qazi ailələrinin problemlərinə həssaslıqla yanaşmağı tapşırdığını bildirib.
Qeyd olunub ki, şəhid Allahverdiyev Şahlar Mənsim oğlu 1964-cü il iyul ayının 19-da Tərtər rayonunun Sarov kəndində anadan olub. Orta təhsilini həmin kənd orta məktəbində aldıqdan sonra 1982-ci ilin oktyabr ayında Sovet Ordusu Sıralarına həqiqi hərbi xidmətə çağırılıb. 1984-cü ilin oktyabr ayınadək Almaniyada yerləşən hərbi hissədə mina tǝmizləyən kimi xidmət edib. Hərbi xidmətdən qayıtdıqdan sonra yaşadığı doğma kəndində “Azərbaycan” kolxozunda kolxozçu işləyib.
Şahlar 1987-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına daxil olub. 1992-ci ilin may ayında könüllü olaraq "Tərtər özünümüdafiə batalyonu”na daxil olub, hərbi hissəyə mühəndis istehkam xidmətinə zabit kimi qəbul edilib. Bu hərbi hissədə xidmət etdiyi müddətdə Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. 1992-ci ilin dekabr ayında Müdafiə Nazirliyinin əmri ilə baş leytenant kimi N saylı hərbi hissənin mühəndis-istehkam xidməti rəisi təyin olunub. Bu xidməti ərzində o, yüzlərlə mina zərərsizləşdirmişdir. 1994-cü ilin aprel ayının 13-də Ağdamın Güllücə kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.
Subay idi. Sarov kənd qəbiristanlığında dəfn olunub. Ölümündən sonra təhsil aldığı Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının binası qarşısında büstü qoyulub.
Şəhidin ailə üzvləri şəhid ailələrinə və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.