Rayon rəhbəri Birinci Qarabağ müharibəsi əlili Firdovsi Əliyevi evində ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Yuxarı Sarıcalı kəndində Birinci Qarabağ müharibəsi əlili Əliyev Firdovsi Səfiqulu oğlunu evində ziyarət edib, onun və ailəsinin qayğı və problemləri ilə maraqlanıb.
Rayon rəhbəri şəhid və qazilərin qəhrəmanlıqlarından söz açıb və bildirib ki, bu gün onların qanı-canı bahasına torpaqlarımız işğaldan azad olub, suverenliyimiz bərpa edilib.
Qeyd edək ki, Firdovsi Əliyev 1992-ci ildə hərbi xidmətə yollanmış və Birinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 1994-cü il yanvar ayının 14-də Suqovuşan ərazisində düşmənin atdığı artilleriya mərmisi nəticəsində yaralanmış və ehtiyata buraxılmışdır.
Firdovsi Əliyevə müharibə zamanı aldığı xəsarətlərə görə ikinci dərəcəli əlillik təyin edilmiş, dövlət tərəfindən mənzillə və avtomobillə təmin olunmuşdur.
Qazimiz və ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.