Rayon rəhbəri Azad Qaqaqoyunlu və Əskipara kənd məscidlərinə yeni təyin olunmuş din xadimlərini qəbul edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əmri ilə rayonda fəaliyyət göstərən islam dininə aid ibadət yerlərinə yeni təyin olunmuş din xadimlərini Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfovun və Qafqaz Müsəlmanları idarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərovun iştirakı ilə qəbul edib.
Din xadimlərini təbrik edən rayon rəhbəri onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Son illərdə bütün sahələrə olduğu kimi, milli-mənəvi dəyərlərimizə dövlət qayğısının daha da artdığını diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycanda dinlərarası münasibətlər, tolerantlıq ənənələri, milli-mənəvi dəyərlərimizin düzgün təbliği, ənənəvi dindarlıq anlayışının və ölkəmizin tolerantlıq modelinin mahiyyəti, müasir dünyada dini dözümlülüyün əhəmiyyəti, habelə dövlətçilik və vətənpərvərlik məfhumları bu gün din xadimlərinin fəaliyyətində əsas xətt olmalıdır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfovun və Qafqaz Müsəlmanları idarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov çıxış edərək yeni təyin olunmuş din xadimlərini təbrik edib, onlara öz tapşırıq və tövsiyyələrini veriblər.
Görüşdə yeni təyinat almış din xadimləri Azad Qaraqoyunlu kənd məscidinin imam müavini Naməddin Kərimov, Əksipara kənd məscidinin dini ayinlərin icraçısı-müəzzin Vüsal Bədəlov da çıxış ediblər. Dövlət tərəfindən dinə və din xadimlərinə olan diqqəti yüksək dəyərləndirən çıxışçılar məscidlərə məhz bu qaydalar əsasında təyinatın həyata keçirilməsindən məmnunluqlarını ifadə edərək, imtahanların obyektiv və şəffaf təşkil edilməsindən razılıq edib, din xadimlərinə göstərilən diqqət və qayğıya görə respublika prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.