Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri “AZ SİLK” MMC-nin direktorunu qəbul edib

19 may 2023 | 15:29

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov baramaçılıq sahəsində fəaliyyət göstərən “AZ SİLK” MMC-nin direktoru Fazil Hümbətovu və Tərtər DAİM-in direktoru Mehman Babayevi qəbul edib. Görüşdə baramaçılığın inkişafı istiqamətində rayon ərazisində bu günə kimi və gələcək illərdə görüləcək işlər barədə müzakirələr aparılıb.

Rayon rəhbəri bildirib ki, Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, son illər ölkəmizdə kənd təsərrüfatının ənənəvi və ixracyönümlü sahələrindən olan baramaçılığın inkişafı istiqamətində mühüm işlər görülür. Respublikamızın digər bölgələrində olduğu kimi, Tərtər rayonunda da baramaçılığın keçmiş şöhrətinin qaytarılması istiqamətində mühüm addımlar atılır.

İpəkqurdunun yem bazasının yaradılması üçün rayon ərazisində 2016-2023-cü illər ərzində 374 mindən artıq tut tingi əkilib. Mövcud və yeni əkilən tut ağacları, əhalinin baramaçılıq sahəsindəki təcrübəsi, həmçinin bu sahənin gəlirli olması barama istehsalını dəfələrlə artırmağa imkan verir.

Qeyd olunub ki, 2023-cü təsərrüfat ilində Tərtər rayonunda 41 inzibati ərazi dairəsi üzrə 106 nəfər kümçü tərəfindən “AZ SİLK” MMC ilə müqavilə bağlanılmış və 375 qutu ipəkqurdunun onlara paylanılması təmin olunmuşdur. Hazırda ipəkqurdları axırıncı yaşdadır və yaxın günlərdə təhvilinə başlanılacaqdır. Bu il rayonda 15 ton barama istehsalı nəzərdə tutulub.

Keçidlər