Rayon rəhbəri “Aqropat” MMC-nin meyvə bağlarında olub
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov “Aqropat” MMC-nin meyvə bağlarında məhsul yığımı və çeşidlənməsi işləri ilə yaxından tanış olub. “Aqropat” MMC-nin 250 hektar əkin sahəsi var ki, bunun da 200 hektarında meyvə bağı salınıb. Meyvə ağaclarının əksəriyyəti Türkiyə və İtaliyadan gətirilib və burada 400 nəfər işçi çalışır.
İnnovativ tələblər əsasında salınmış bağ damla üsulu ilə suvarılır. 40000 kub metr tutumunda su anbarının yaradılması isti yay aylarında su qıtlığının qarşısını tamamı ilə alır.
“Aqropat” MMC-nin ümumi sahəsi 3650 kv.m. olan soyuducu anbarı da istismara verilib. Meyvələr yığılıb çeşidlənəndən sonra anbara yığılır və buradan xarici bazarlara yola salınır.
“Aqropat” MMC-nin meyvə bağlarının yerləşdiyi Kəngərli və ətraf kəndlərin sakinlərini daimi və mövsümi işlə təmin edir, işsizliyin aradan qaldırılmasına, əhalinin maddi rifahının yaxşılaşdırılmasına yardım edir.
Rayon rəhbəri onların işindən razı qaldığını, “Aqropat”MMC-nin istehsal gücünün artırılması üçün bütün imkanlardan maksimum istifadə edərək köməklik göstərəcəyini bildirib. Onlara öz tövsiyyələrini verib.