Rayon rəhbəri 87 yaşlı kənd ağsaqqalını evində ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun Hüsənli kəndində 87 yaşlı Ağayev Yusif Hacı oğlunu evində ziyarət edib, onunla səmimi söhbət aparıb.
Görüşdə rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov və kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Gülüstan Əhmədova da iştirak ediblər.
Uzun illər müəllim kimi fəaliyyət göstərən ağsaqqal ömrünü gənc nəslin təlim-tərbiyəsinə həsr edib, neçə-neçə şagirdin həyat yoluna işıq salıb. Onun yetirmələri arasında bu gün cəmiyyətin müxtəlif sahələrində çalışan insanlar var.
Rayon rəhbəri müəllimin həyat və fəaliyyət yolu, pedaqoji təcrübəsi ilə maraqlanıb, onunla xatirələrini bölüşüb. İcra başçısı ağsaqqal müəllimə uzun ömür, möhkəm cansağlığı və firavan günlər arzulayıb.
Yusif müəllim belə görüşlərin yaşlı nəslin nümayəndələrinə, ömrünü xalqın maariflənməsinə və gənc nəslin yetişməsinə həsr etmiş ziyalılara göstərilən diqqət və ehtiramın ifadəsi olduğunu vurğulayaraq, göstərilən diqqət və qayğıya görə respublika prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.






