Rayon rəhbəri 65 yaşlı şəhid anası Nazilə Həsənovanı ad günündə ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov birinci Qarabağ müharibəsi şəhidi Həsənov Zəka İsmayıl oğlunun anası Nazilə Həsənovanı 65 illik yubileyi münasibəti ilə təbrik edərək ona səmimi arzularını çatdırıb. İcra başçısı bütün şəhid valdeyinlərinin baş tacımız olduğunu bildirib. Şəhid anasına rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və gül dəstəsi təqdim edib, ailənin qayğıları ilə maraqlanıb.
Şəhid Həsənov Zəka İsmayıl oğlu 1978-ci il Fevral ayının 6-da Tərtər rayonunun Xoruzlu kəndində anadan olub. Orta təhsilini həmin kənd orta məktəbində aldıqdan sonra 1996-cı ilin oktyabr ayında rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına həqiqi hərbi xidmətə çağırılıb. 1998-ci il aprel ayının 4-də rayon hərbi komissarlığı tərəfindən yenidən hərbi xidmətə göndərilib. Həmin vaxtdan N saylı hərbi hissədə xidmət etməyə başlayıb. Bu hərbi hissənin əsgəri kimi Gədəbəy rayonunda xidməti borcunu yerinə yetirib. 1999-cu il mart ayının 8-də Qaravəllər kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub. Subay idi.
Şəhidin ailə üzvləri bütün şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.