Rayon rəhbəri 27 sentyabr “Anım Günü” ilə əlaqədar Seydimli kəndində Şəhid Abbasov Aysənan Əsgər oğlunun ailəsini ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə 27 sentyabr “Anım Günü” ilə əlaqədar şəhid Aysənan Abbasovun Seydimli kəndində yaşayan ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.
Rayon rəhbəri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birinin məhz şəhid ailələrinin, müharibə veteranlarının, əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunmasıdır.
icra başçısı şəhidin keçdiyi döyüş yolundan da söhbət açıb, şəhidin yaxınları onunla bağlı xatirələrini bölüşüblər. Qeyd edilib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının şanlı zəfər tarixidir. Bu tarix Azərbaycan əsgərinin qanı, canı bahasına əldə edilib.
Qeyd edək ki, Abbasov Aysənan 29 iyun 1992-ci ildə Tərtər rayonunun Seydimli kəndində dünyaya göz açıb. 2010-cu ildə Şəhid Fəxrəddin Orucov adına Seydimli kənd tam orta məktəbini bitirib. Aysənan uşaqlıqdan hərbçi olmaq, Vətənin müdafiəsində birbaşa iştirak etmək arzusunda olubdur. 2011-ci ildə hərbi xidmətə gedib, 2012-ci ildə təxris olunub. Aysənan torpaqlarımızın işğal altında qalması ilə heç cür barışa bilmirdi. Bu səbəbdən 2012-ci ildə MAHHXQ olaraq hərbi xidmətini davam etdirib. O, istər həqiqi, istərsə də müddətdən artıq hərbi xidməti dövründə dəfələrlə komandanlıq tərəfindən tərifnamələrə və digər təltiflərə layiq görülmüşdür. Aysənan kəşfiyyatçı kimi 2016-cı ilin aprel döyüşlərində də ona verilmiş bütün tapşırıqları ləyaqətlə yerinə yetirib.
Vətən Müharibəsi başlayanda igid əsgər kəşfiyyatçı-istehkamçı kimi xidmət edirdi. O, dəfələrlə düşmən ordusunun arxasına keçərək olduqca vacib məlumatlar əldə etmişdir. Döyüş yoldaşları onun heç nədən qorxmadığını söyləyirlər.
Aysənan 2020-ci il sentyabrın 29-da Murovdağ istiqamətində gedən şiddətli döyüşlərin birində erməni terrorçusu ilə səngərdə əlbəyaxa döyüş zamanı mənfur düşmənin arxadan snayperdən atdığı gülləyə tuş gəlib, ən yüksək zirvəyə - Şəhidlik zirvəsinə ucalıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra “Vətən Uğrunda”, “Suqovuşanın azad olunmasına görə ” və “Cəsur döyüşçü” medallarına layiq görülmüşdür.
Aysənan Abbasov 2015-ci ildə ailə qurmuşdu. Onun 2 övladı - 5 yaşlı qızı Banu və 3 yaşlı oğlu Timur bizlərə əmanət qalıb.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.
Allah şəhidimizə rəhmət eləsin!