Rayon rəhbəri 27 sentyabr “Anım Günü” ilə əlaqədar Şəhid Cəfərov Təbriz İlqar oğlunun ailəsini ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə 27 sentyabr “Anım Günü” ilə əlaqədar rayonun Çardaxlı kəndindən olan, ailəsi Bərdə şəhərində yaşayan şəhid Cəfərov Təbriz İlqar oğlunun ailəsində olub, onların qayğıları ilə maraqlanıb.
Vətən müharibəsi şəhidinin qısa, lakin şərəfli ömür yolundan söhbət açan rayon rəhbəri tərtərlilərin tarix yazan Təbriz kimi oğulları ilə fəxr etdiyini bildirib.
Rayon rəhbəri şəhidin valideynlərinə dövlətimizin həmişə onların yanında olduğunu, dövlət rəhbərinin şəhid ailələrinin problemlərinin həllinin bütün qurumların qarşısına bir vəzifə kimi qoyduğunu bildirib.
Təbriz Cəfərov 1995-ci ilin iyul ayının 14-də Bərdə rayonunda dünyaya göz açıb.
Azərbaycan Ordusunun əsgəri olan Təbriz Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub və Suqovuşan istiqamətində gedən döyüşlərdə itkin düşüb. Uzun müddət nəşi tapıla bilməyib. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunub. Şəhidin nəşi 2021-ci ilin aprel ayının 6-da tapılaraq Bərdə şəhərində Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Təbriz Cəfərov ölümündən sonra "Vətən uğrunda" və “Suqovuşanın azad olunmasına görə” medallarıı ilə təltif edilib.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.