Rayon rəhbəri 27 sentyabr “Anım Günü” ilə əlaqədar Kəbrli kəndində Şəhid Hüseynov Elnur Əhliman oğlunun ailəsini ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədovun 27 sentyabr “Anım Günü” ilə əlaqədar 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış tərtərli oğulların ailələrini ziyarəti davam edir.
Rayon rəhbəri növbəti dəfə YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə şəhid Hüseynov Elnur Əhliman oğlunun Kəbrli kəndində yaşayan ailəsini ziyarət edib.
Görüşdə rayon rəhbəri 44 günlük Vətən müharibəsində Tərtərli oğulların döyüşlərdə göstərdiyi sücaətlərdən söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu bildirib. Qarabağı görməyən gənclərin qəhramanlığı, peşakar döyüşçü olmaları sayəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunduğunu, belə igid oğullar böyütdükləri üçün şəhid valideyinləri qarşısında baş əydiyini bildirib. Qazanılan tarixi zəfərdən sonra işğaldan azad olunmuş torpaqlarda aparılan nəhəng quruculuq işlərindən də söhbət açıb.
İcra başçısı dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşdığını, dövlət qurumlarına da şəhid və qazi ailələrinin problemlərinə həssaslıqla yanaşmağı tövsiyyə etdiyini bildirib.
Azərbaycan Ordusunun əsgəri Hüseynov Elnur Əhliman oğlu 1990-cı il aprelin 16-da Tərtər rayonunun Kəbirli kəndində anadan olub. Noyabrın 11-də Ağdərə istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Noyabr ayının 14-də Tərtər rayonunun Kəbirli kəndində dəfn olunub. Onun özündən sonra 2 qız övladı yadigar qalıb.
Şəhid Hüseynov Elnur 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə medalları ilə təltif olunub.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!