Rayon rəhbəri 27 sentyabr “Anım Günü” ilə əlaqədar İsmayılbəyli kəndində Şəhid Əlizadə Elşən Faiq oğlunun ailəsini ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə 27 sentyabr “Anım Günü” ilə əlaqədar şəhid Eşqin Hüseynovun İsmayılbəyli kəndində yaşayan ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.
Rayon rəhbəri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birinin məhz şəhid ailələrinin, müharibə veteranlarının, əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunmasıdır.
icra başçısı şəhidin keçdiyi döyüş yolundan da söhbət açıb, şəhidin yaxınları onunla bağlı xatirələrini bölüşüblər. Qeyd edilib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının şanlı zəfər tarixidir. Bu tarix Azərbaycan əsgərinin qanı, canı bahasına əldə edilib.
Qeyd edək ki, Elşən Əlizadə 10 avqust 1995-ci ildə Tərtər rayonunun İsmayılbəyli kəndində anadan olmuşdur.
Azərbaycan Ordusunun əsgəri olan Elşən Əlizadə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 16 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Tərtər rayonunun İsmayılbəyli kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Elşən Əlizadə ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!