Rayon rəhbəri 27 sentyabr “Anım Günü” ilə əlaqədar Hüsənli kəndində Şəhid Hüseynov Eşqin Cəsarət oğlunun ailəsini ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə 27 sentyabr “Anım Günü” ilə əlaqədar rayonun Hüsənli kəndində Vətən Müharibəsi şəhidi Hüseynov Eşqin Cəsarət oğlunun evində olub, onun ailə üzvləri ilə görüşüb, şəhid ailəsinin qayğıları ilə maraqlanıb.
Rayon rəhbəri Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda həyata keçirdiyi və dünya hərb tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi zamanı tərtərli oğulların, o cümlədən Eşqin Hüseynovun döyüşlərdə göstərdikləri igidliklərdən söhbət açıb.
Rayon rəhbəri Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsinin bundan sonra da daim əziz tutulacağını və dövlətimizin hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacağını bildirib. Qeyd olunub ki, bizə zəfər sevinci, qalibiyyət qüruru bəxş edən şəhidlərin xatirəsi yaddaşlarda əbədi yaşayacaq.
Qeyd olunub ki, Eşqin Hüseynov 1998-ci ilin 20 yanvar günündə Tərtər rayonun Hüsənli kəndində anadan olub.
Sentyabr ayının 27-də Vətən müharibəsi başladığı gündən ön cəbhədə xidmət etmişdir. Eşqin Hüseynov Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə artilleriya-topçu vəzifəsində iştirak etmişdir. 29 sentyabr tarixində son damla qanına qədər vuruşaraq başından aldığı güllə yarasından şəhid olmuşdur. Tərtər rayonunun Hüsənli kəndində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Eşqin Hüseynov ölümündən sonra "Vətən uğrunda", “İgidliyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.