Rayon rəhbəri 27 sentyabr “Anım Günü” ilə əlaqədar Evoğlu kəndində Şəhid Hacızadə Ceyhun İfrayıl oğlunun ailəsini ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə 27 sentyabr “Anım Günü” ilə əlaqədar Vətən müharibəsi şəhidi Ceyhun Hacızadənin Evoğlu kəndində yaşayan ailəsini ziyarət edib.
Ziyarət zamanı rayon rəhbəri ölkə Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Vurğulayıb ki, torpaqlarımızın hər bir qarışının işğaldan azad edilməsi üçün canından keçən şəhidlərimizin ailə üzvlərinə diqqət və qayğı göstərmək, hər zaman onların yanında olmaq, qayğıları ilə maraqlanmaq hər kəsin mənəvi borcudur.
Qeyd edək ki, Ceyhun Hacızadə 1992-ci il avqust ayının 16-da Tərtər rayonunun Evoğlu kəndində anadan olub. Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsində könüllü iştirak edib və 2020-ci il oktyabr ayının 7-də Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Ceyhun Hacızadə ölümündən sonra "Vətən uğrunda", “İgidliyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən həssas münasibətə görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.