Rayon rəhbəri 27 sentyabr “Anım Günü” ərəfəsində şəhid Sənan Məmmədlinin ailə üzvləri və ictimaiyyət nümayəndələri ilə birlikdə onun adını daşıyan küçədə olublar
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədov, şəhid Sənan Məmmədlinin ailə üzvləri, şəhid ailələri, qazilər və veteranlarla birlikdə təmirdən sonra Tərtər şəhərində onun adını daşıyan küçədə olublar.
Şəhidin adını daşıyan küçədə abadlıq işləri aparılaraq səliqə-sahman yaradılıb, küçənin girişində isə Sənan Məmmədlinin baralyefi quraşdırılıb.
Rayon rəhbəri bildirib ki, Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən “Anım Günü” Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimiz bizim üçün əzizdir, onların xatirəsi əbədiləşdirilir, adlarına küçələr, məktəblər, sinif otaqları verilir, bulaqlar tikilir. Tərtər şəhərində 32 küçəyə şəhid adı verilib və 15 küçənin girişində onların baralyefi qoyulub. Şəhidlərin adlarını əbədiləşdirməklə onların ailəsinə mənəvi dəstək olmağa calışırıq.
Artıq Qarabağ tam azaddır. Sentyabrın 19-da Qarabağda aparılan lokal antiterror əməliyyatlar nəticəsində ərazi separatçılardan təmizlənir. Respublika Prezidenti cənab İlham Əliyevin 44 günlük Vətən müharibəsində tarixi qələbəmizdən sonra Azərbaycan xalqına tarixi müraciətində dediyi kimi “Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdik. Biz ərazi bütövlüyümüzü bərpa etdik. Biz işğala son qoyduq. Ümid edirəm ki, biz bölgədə bu gün və gələcək üçün yeni təhlükəsizlik, yeni əməkdaşlıq formatını təşkil etdik. Bu format nədən ibarət olacaq, bunu həyat göstərər.”
Rayon rəhbəri şəhidin valideynlərinə Vətənə layiqli övlad böyütdükləri üçün öz təşəkkürünü bildirib, Vətən yolunda,torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsinin həmişə qəlblərdə yaşayacağını vurğulayıb və Respublika Prezidentinin 20 sentyabr 2023-cü il tarixdə Azərbaycan xalqına tarixi müraciətindən bu sözləri xatırladıb: “... onu da bildirməliyəm ki, bizə xor baxanlar, torpağımıza göz tikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, dəmir yumruq yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!”
Qeyd edək ki, Məmmədli Sənan Səlim oğlu 1997-ci ilin sentyabr ayının 14-də Qaradağlı kəndində anadan olub. 8-ci sinfi bitirdikdən sonra təhsilini Cəmşid Naxçıvanski adına hərbi liseydə davam etdirib, 2016-cı ildə liseyin məzunu olur və yenidən imtahan verərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə qəbul olur. Məktəbi bitirdikdən sonra peşəkar zabit kimi ordu sıralarında qulluq edir, leytenant rütbəsi alır.
Sənan Məmmədli 2020-ci ilin oktyabr ayının 15-də Zəngilan istiqamətində gedən döyüşlərdə şəhid olur, 4 gün neytral zonada qalır. Oktyabrın 20-də yaşadığı kənddə dəfn olunur.
Tərtərin qəhrəman oğlu Sənan Məmmədli ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “İgidliyə görə” medalları və ilə təltif olunub.
Şəhidin adı əbədiləşdirilib, Tərtər şəhərinin küçələrinin biri onun adını daşıyır.
Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.