Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri 27 sentyabr “Anım Günü” ərəfəsində şəhid Qəmbərli Qəmbərin ailə üzvləri və ictimaiyyət nümayəndələri ilə birlikdə onun adını daşıyan küçədə olublar

26 sentyabr 2023 | 11:39

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədov, şəhid Qəmbərli Qəmbərin ailə üzvləri, şəhid ailələri, qazilər və veteranlarla birlikdə təmirdən sonra  Tərtər şəhərində onun adını daşıyan küçədə olublar.

Şəhidin adını daşıyan küçədə  abadlıq işləri aparılaraq səliqə-sahman yaradılıb, küçənin girişində isə Qəmbərli Qəmbərin baralyefi quraşdırılıb.

Rayon rəhbəri bildirib ki, Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür. Azərbaycan Respublikası Prezidenti cənab  İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən “Anım Günü” Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimiz bizim üçün əzizdir, onların xatirəsi əbədiləşdirilir, adlarına küçələr, məktəblər, sinif otaqları verilir, bulaqlar tikilir. Tərtər şəhərində 32 küçəyə şəhid adı verilib və 15 küçənin girişində onların baralyefi qoyulub. Şəhidlərin adlarını əbədiləşdirməklə onların ailəsinə mənəvi dəstək olmağa calışırıq.

Artıq  Qarabağ tam azaddır. Sentyabrın 19-da Qarabağda aparılan lokal antiterror əməliyyatlar nəticəsində ərazi  separatçılardan təmizlənir. Respublika Prezidenti cənab İlham Əliyevin 44 günlük Vətən müharibəsində qələbəmizdən sonra Azərbaycan xalqına tarixi müraciətində dediyi kimi “Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdik. Biz ərazi bütövlüyümüzü bərpa etdik. Biz işğala son qoyduq.”

Rayon rəhbəri şəhidin valideynlərinə Vətənə layiqli övlad böyütdükləri üçün öz təşəkkürünü bildirib, Vətən yolunda, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsinin həmişə qəlblərdə yaşayacağını vurğulayıb və Respublika Prezidentinin 20 sentyabr 2023-cü il tarixdə Azərbaycan xalqına tarixi müraciətindən bu sözləri xatırladıb: “... onu da bildirməliyəm ki, bizə xor baxanlar, torpağımıza göz tikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, dəmir yumruq yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!”

Qeyd edək ki, Qənbərli Qənbər 1993-ci il sentyabrın 10-da Tərtər rayonunun Kəngərli kəndində anadan olub.

Azərbaycan Ordusunun baş leytenantı olan Qənbər 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 22 may 2021-ci ildə nəşi tapılıb və ailəsinə təhvil verilib.

Tərtər rayonunun Kəngərli kəndində dəfn olunub.

Sağlığında  “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə təltif olunmuş qəhrəman baş leytenantımız Qənbər Qənbərli Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra 3 dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Şücaətə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. Ailəliydi. Bir övladı yadigar qalıb.

Qənbər Qənbərlinin xatirəsinə ehtiram əlaməti olaraq onun adı əbədiləşdirilib. Rayon mərkəzində və doğulduğu kənddə adına küçə verilib.

Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər