Rayon rəhbəri 27 sentyabr “Anım Günü” ərəfəsində şəhid Aslan Hüseynovun ailə üzvləri və ictimaiyyət nümayəndələri ilə birlikdə onun adını daşıyan küçədə olublar
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının və rayon Ağsaqqallar Şurasının sədrləri, şəhid Aslan Hüseynovun ailə üzvləri, şəhid ailələri, qazilər və veteranlarla birlikdə təmirdən sonra Tərtər şəhərində onun adını daşıyan küçədə olublar.
Şəhidin adını daşıyan küçədə abadlıq işləri aparılaraq səliqə-sahman yaradılıb, küçənin girişində isə Aslan Hüseynovun baralyefi quraşdırılıb.
Rayon rəhbəri bildirib ki, Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən “Anım Günü” Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimiz bizim üçün əzizdir, onların xatirəsi əbədiləşdirilir, adlarına küçələr, məktəblər, sinif otaqları verilir, bulaqlar tikilir. Tərtər şəhərində 32 küçəyə şəhid adı verilib və 15 küçənin girişində onların baralyefi qoyulub. Şəhidlərin adlarını əbədiləşdirməklə onların ailəsinə mənəvi dəstək olmağa calışırıq.
Artıq Qarabağ tam azaddır. Sentyabrın 19-da Qarabağda aparılan lokal antiterror əməliyyatlar nəticəsində ərazi separatçılardan təmizlənir. Respublika Prezidenti cənab İlham Əliyevin 44 günlük Vətən müharibəsində qələbəmizdən sonra Azərbaycan xalqına tarixi müraciətində dediyi kimi “Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdik. Biz ərazi bütövlüyümüzü bərpa etdik. Biz işğala son qoyduq.”
Rayon rəhbəri şəhidin valideynlərinə Vətənə layiqli övlad böyütdükləri üçün öz təşəkkürünü bildirib, Vətən yolunda, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsinin həmişə qəlblərdə yaşayacağını vurğulayıb və Respublika Prezidentinin 20 sentyabr 2023-cü il tarixdə Azərbaycan xalqına tarixi müraciətindən bu sözləri xatırladıb: “... onu da bildirməliyəm ki, bizə xor baxanlar, torpağımıza göz tikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, dəmir yumruq yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!”
Qeyd edək ki, Hüseynov Aslan Malik oğlu 1985-ci ildə Tərtər rayonunun Qaradağlı kəndində anadan olub. Hərbi xidmətdən sonra yenidən Azərbaycan ordusuna qayıdıb, gizir kimi xidmət edib və həmişə öndə gedən döyüşçülərdən olub. O, 2016-ci il aprel döyüşlərində də iştirak edib, düşmənin iki tankını və yük avtomobilini dəqiq artileriya atəşi ilə vuraraq məhv edib. Döyüşlərdə “Şücaətə görə” medalı ilə təltif olunub.
27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən müharibəsində Aslan Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub və doğulduğu kənddə torpağa tapşırılıb.
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 15.12.2020-ci tarixli Sərəncamı ilə o “Azərbaycan Bayrağı” Ordeni, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Aslan Hüseynova “Hərbi xidmətdə fərqlənməyə görə”, “Azərbaycan Ordusunun 100 illiyinə görə” medalları da verilib.
Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.