Rayon rəhbəri 27 sentyabr “Anım Günü” ərəfəsində ictimaiyyət nümayəndələri ilə birlikdə şəhid Azər Şəmilovun adını daşıyan küçədə olublar
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədov, şəhid ailələri, qazilər və veteranlarla birlikdə təmirdən sonra Tərtər şəhərində şəhid Azər Şəmilovun adını daşıyan küçədə olublar.
Şəhidin adını daşıyan küçədə abadlıq işləri aparılaraq səliqə-sahman yaradılıb, küçənin girişində isə Azər Şəmilovun baralyefi quraşdırılıb.
Rayon rəhbəri bildirib ki, Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən “Anım Günü” Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimiz bizim üçün əzizdir, onların xatirəsi əbədiləşdirilir, adlarına küçələr, məktəblər, sinif otaqları verilir, bulaqlar tikilir. Tərtər şəhərində 32 küçəyə şəhid adı verilib və 15 küçənin girişində onların baralyefi qoyulub. Şəhidlərin adlarını əbədiləşdirməklə onların ailəsinə mənəvi dəstək olmağa calışırıq.
Artıq Qarabağ tam azaddır.Sentyabrın 19-da Qarabağda aparılan lokal antiterror əməliyyatlar nəticəsində ərazi separatçılardan təmizlənir. Respublika Prezidenti cənab İlham Əliyevin 44 günlük Vətən müharibəsində qələbəmizdən sonra Azərbaycan xalqına tarixi müraciətində dediyi kimi “Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdik. Biz ərazi bütövlüyümüzü bərpa etdik. Biz işğala son qoyduq.”
Rayon rəhbəri Vətən yolunda, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsinin həmişə qəlblərdə yaşayacağını vurğulayıb və Respublika Prezidentinin 20 sentyabr 2023-cü il tarixdə Azərbaycan xalqına tarixi müraciətindən bu sözləri xatırladıb: “... onu da bildirməliyəm ki, bizə xor baxanlar, torpağımıza göz tikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, dəmir yumruq yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!”
Qeyd edək ki, Azər Elyas oğlu Şəmilov 1971-ci il avqustun 13-də Tərtər rayonunun Qapanlı kəndində anadan olmuşdur. 1978-ci ildə Soyulan kəndindəki orta məktəbin birinci sinfinə daxil olub. Həmin məktəbin 8-ci sinfini əla qiymətlərlə bitirdikdən sonra Bakı şəhərində kimya-biologiya təmayyüllü respublika liseyinə daxil olub və oranı əla qiymətlərlə bitirib. Həmin məktəbi bitirdikdən sonra Qazaxıstanda həqiqi hərbi xidmətdə olub. Hərbi qulluğu müvəffəqiyyətlə başa vurub və Azərbaycana qayıdıb. Vətənə qayıdaraq I Qarabağ müharibəsində könüllü olaraq ön cəbhədə vuruşub. Döyüşlərdə cəsarətlə iştirak etdikdən sonra imtahan verərək Azərbaycan Tibb Universitetinə daxil olub. Oranı bitirdikdən sonra Naxçıvan şəhərinə hərbi qulluğa çağırılıb və orada hərbi həkim işləyib, baş leytenant rütbəsini alıb.
Hərbi qulluğu başa çatdıqdan sonra Tərtərə qayıdıb və Soyulan tibb məntəqəsində baş həkim vəzifəsində çalışıb. 2004-cü ildən Tərtər rayonunda 16 il ANAMA qeyri-hökumət təşkilatında baş həkim vəzifəsində işləyib.
2006-cı ildən Bərdə rayonunun Kələntərli kəndində yaşayıb. 21 sentyabr 2020-ci ildə səfərbərlik ilə təlimə çağırılmış, sentyabrın 27-dən müharibənin çətin, gərgin vaxtlarında qəhrəmanlıqla döyüşlərdə iştirak etmişdir. O, ön cəbhədə olan yüzlərlə yaralanmış əsgərimizə yardım göstərmiş, onları yenidən həyata qaytarmışdır. Oktyabrın 14-ü Talış istiqamətində gedən ağır döyüşlərdə düşmən gülləsinə tuş gəlib. Canı qədər sevdiyi Vətən torpağında əbədi gözlərini yuman Azər Şəmilov şəhidlik zirvəsinə ucalıb.
2003-cü ildə ailə qurmuşdu, 2 övlad atası idi, Bərdə rayonunun Kələntərli kəndində dəfn olunub.
Oğlu Fədayət Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə fakültəsinin 3-cü kurs, qızı Aynurə isə ADA universitetinin 1-ci kurs tələbəsidir.
Azər Şəmilov Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunub.
Tədbir iştirakçılar şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.