Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə N saylı hərbi hissədə oldu

26 iyun 2023 | 11:10

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 26 iyun Azərbaycan Silahlı Qüvvələrinin yaradılması günü münasibəti ilə rayon ərazisində yerləşən N saylı hərbi hissədə olub və hərbi hissənin əsgər və zabit heyyəti  ilə görüşüb.

Əvvəlcə tədbir iştirakçıları tərəfindən xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən icra başçısı bildirib ki,  Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli qərarına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan olunub. O,əsgər və zabitləri Ümummilli Liderin 100 illik yubileyi, 26 iyun-Silahlı Qüvvələr Günü və qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb.  Azərbaycanda ordu quruculuğu prosesindən, Ümummilli lider Heydər Əliyevin ordu quruculuğunda xidmətlərindən bəhs edib. Bildirib ki, müasir Azərbaycan Ordusunun müəllifi Ümummilli Lider Heydər Əliyevdir. Ulu Öndərin ötən əsrin 70-ci illərində yaratdığı Cəmşid Naxçıvanski adına Hərbi Lisey ordumuzun inkişafında böyük rol oynayıb.

Rayon rəhbəri qeyd edib ki,Ulu Öndərin ordu quruculuğu istiqamətində açdığı yol Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Silahlı Qüvvələrimiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Hərbi hissələrin müasir standartlara uyğun qurulması, şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılması, ordumuzun müasir silahlarla təminatı istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları ilə bir cərgədə öz layiqli yerini tutub.

Prezidentimizin ən böyük xidmətlərindən biri də ondan ibarətdir ki, bu gün Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji durumu yüksək səviyyədədir. Bunun nəticəsində ermənistan silahlı birləşmələrinin təxribatlarına qarşı Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əks-hücum əməliyyatları ilə başlanan və 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu düşmən işğalı altında olan torpaqlarımızı işğaldan azad edərək tarixi ədaləti bərpa edib.

Tədbirdə N saylı hərbi hissənin komandiri, polkovnik Vüsal Hüseynov da çıxış edərək, Azərbaycan Silahlı Qüvvələrinə göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan cənab İlham Əliyevə  zabit və əsgərlər adından öz minnətdarlığını bildirib.

Tədbirdə Tərtər Rayon Mədəniyyət Mərkəzinin  özfəaliyyət kollektivi konsert proqramı ilə çıxış edib.

Sonda rayon icra hakimiyyətinin başçısı tərəfindən xidmətdə fərqlənən hərbi qulluqçulara fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

Keçidlər