Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri 19 sentyabr antiterror əməliyyatları zamanı şəhid olan Rəşad Vəlizadənin ailə üzvləri ilə birlikdə onun adı verilən küçədə olub

30 dekabr 2023 | 13:03

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov antiterror əməliyyatlarında şəhid olan Vəlizadə Rəşad Elşən oğlunun  ailə üzvləri ilə birlikdə şəhidin adı verilən küçədə olublar. Rayon rəhbəri şəhidin ailə üzvləri ilə birlikdə küçənin girişinə ad göstəricisi olan lövhəni bərkidiblər.

Rayon rəhbəri bildirib ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin hamısı bizim üçün əzizdir, onların xatirəsi əbədiləşdirilir, adlarına küçələr, məktəblər, sinif otaqları verilir, bulaqlar tikilir. Tərtər şəhərində 38 küçəyə şəhid adı verilib və onlardan 16 küçənin girişində onların baralyefi quraşdırılıb. Şəhidlərin adlarını əbədiləşdirməklə onların ailəsinə mənəvi dəstək olmağa calışırıq.

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il ərəfəsində antiterror əməliyyatları şəhidlərinin adının əbədiləşdirilməsi məqsədi ilə Tərtər şəhərində küçələrə adlarının verilməsi ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.

Rayon rəhbəri şəhidin valideynlərinə Vətənə layiqli övlad böyütdükləri üçün öz təşəkkürünü bildirib, Vətən yolunda, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsinin həmişə qəlblərdə yaşayacağını vurğulayıb və Respublika Prezidentinin 20 sentyabr 2023-cü il tarixdə Azərbaycan xalqına tarixi müraciətindən bu sözləri xatırladıb: “... onu da bildirməliyəm ki, bizə xor baxanlar, torpağımıza göz tikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, dəmir yumruq yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!”

Qeyd edək ki, şəhid Vəlizadə Rəşad Elşən oğlu1999-cü il aprel ayının 7-də Tərtər rayonunun Evoğlu kəndində anadan olub.

Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət keçən əsgəri Rəşad Vəlizadə 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror təbriləri zamanı şəhidlik zirvəsinə ucalıb. Şəhid Evoğlu kənd qəbiristanlığında dəfn edilib.

Şəhid Vəlizadə Rəşad Elşən oğlu döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.

Şəhidin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər