Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri 19 sentyabr antiterror əməliyyatları zamanı şəhid olan Emin Abbaszadənin ailə üzvləri ilə birlikdə onun adı verilən küçədə olub

30 dekabr 2023 | 12:28

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov antiterror əməliyyatlarında şəhid olan Abbaszadə Emin Faiq oğlunun  ailə üzvləri ilə birlikdə şəhidin adı verilən küçədə olublar. Rayon rəhbəri şəhidin ailə üzvləri ilə birlikdə küçənin girişinə ad göstəricisi olan lövhəni bərkidiblər.

Rayon rəhbəri bildirib ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin hamısı bizim üçün əzizdir, onların xatirəsi əbədiləşdirilir, adlarına küçələr, məktəblər, sinif otaqları verilir, bulaqlar tikilir. Tərtər şəhərində 38 küçəyə şəhid adı verilib və onlardan 16 küçənin girişində onların baralyefi quraşdırılıb. Şəhidlərin adlarını əbədiləşdirməklə onların ailəsinə mənəvi dəstək olmağa calışırıq.

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il ərəfəsində antiterror əməliyyatları şəhidlərinin adının əbədiləşdirilməsi məqsədi ilə Tərtər şəhərində küçələrə adlarının verilməsi ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.

Rayon rəhbəri şəhidin valideynlərinə Vətənə layiqli övlad böyütdükləri üçün öz təşəkkürünü bildirib, Vətən yolunda, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsinin həmişə qəlblərdə yaşayacağını vurğulayıb. Bildirib ki, artıq  Qarabağ tam azaddır. Sentyabrın 19-da Qarabağda aparılan lokal antiterror əməliyyatlar nəticəsində ərazi  separatçılardan təmizlənib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 44 günlük Vətən müharibəsində qələbəmizdən sonra Azərbaycan xalqına tarixi müraciətində dediyi kimi “Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdik. Biz ərazi bütövlüyümüzü bərpa etdik. Biz işğala son qoyduq.”

Qeyd edək ki, Emin Abbaszadə 1998-ci il may ayının 15-də Tərtər rayonunun Kəngərli kəndində anadan olub.

Azərbaycan Silahlı Qüvvələrinin giziri Emin Abbaszadə 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalıb. Şəhid Kəngərli kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhid Abbaszadə Emin Faiq oğlu döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.

Şəhidin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər