Rayon mərkəzi xəstəxanasında Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan səhiyyəsi” mövzusunda tədbir keçirilib
“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli sərəncamının icrası ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən rayon icra hakimiyyətinin və rayon mərkəzi xəstəxanasının təşkilatçılığı ilə xəstəxanada “Heydər Əliyev müstəqilliyimizin yaradıcısıdır” adlı foto guşə təşkil edilib. Foto guşəyə baxış keçirildikdən sonra “Heydər Əliyev və Azərbaycan səhiyyəsi” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev 2023-cü ilin respublikamızda “Heydər Əliyev ili” elan olunması, bununla bağlı Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tədbirlər Planı” təsdiq olunması, rayonumuzda da həmin tədbirlər planına uyğun olaraq Ulu Öndərə həsr olunmuş silsilə tədbirlər keçirildiyini bildirib, Ulu Öndərin hakimiyyəti illərində Azərbaycan səhiyyəsinə göstərilən diqqət və qayğıdan danışıb. Sonra “Tərtər Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru Sərxan Cəlahani “Ümummilli Lider və Azərbaycan səhiyyəsi” mövzusunda məruzə ilə çıxış edib. O , Ulu öndərin Azərbaycan səhiyyəsinin qurucusu olduğunu bildirib. Qeyd olunub ki, Ulu öndər Heydər Əliyev səhiyyənin, tibb elminin başqa sahələrində fəaliyyət göstərən digər aparıcı mütəxəssisləri ilə də sıx əlaqələr saxlayar, onların diqqətini Azərbaycana cəlb edər, bununla da Azərbaycan səhiyyəsinin, Azərbaycan tibb elmi və tibb təhsili sistemlərinin inkişafına güclü təkan verilməsinə möhkəm zəmin yaradardı. Ulu Öndər 1998-ci il sentyabrın 28-də Azərbaycan Tibb Universitetinin yeni 11 mərtəbəli tədris binasının açılışında çıxış edərkən Azərbaycan səhiyyəsinin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərdiyi saysız-hesabsız amillərə toxunaraq deyirdi: “Mən Azərbaycana rəhbərlik etdiyim zaman, sonra Sovetlər İttifaqının, SSRİ-nin rəhbərliyində olduğum illərdə daim səhiyyə ilə, tibb elmi ilə yaxın olmuşam, ona qayğı göstərmişəm və hesab edirəm ki, çox işlər görmüşəm… Mən o vaxt Sovetlər İttifaqının Moskvada yerləşən ən böyük, ən mötəbər tibb ocaqları, müəssisələri ilə yaxından tanış idim, onların yaranmasında, inkişaf etməsində xidmətlər göstərirdim. Mənim o vaxt həm Onkoloji Mərkəzin, həm Kardioloji Mərkəzin, həm Ürək Cərrahiyyəsi Mərkəzinin, həm Oftalmoloji Mərkəzlərin, başqalarının yaranmasında, inkişaf etməsində, onların maddi-texniki bazasının yaranmasında çox səylərim olmuşdur. Mən bu gün böyük məmnuniyyətlə xatırlayıram ki, o vaxt SSRİ Tibb Elmləri Akademiyasının 40 illik yubileyində Sovet İttifaqının rəhbərliyi adından iştirak etdim. Mən bir də bunları edərək o vaxt SSRİ dövləti tərkibində Azərbaycanın səhiyyəsinə marağı, qayğını daha da artırırdım, mərkəzlərin diqqətini Azərbaycana cəlb edirdim və Azərbaycana yardım etməyə çalışırdım”.
Tədbirdə YAP rayon təşkilatının nümayəndəsi Azər Ağayev, “Tərtər Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktor müavini – baş həkim Bəkir Nağıyev və digər tibb işçiləri çıxış ediblər.