Rayon Mədəniyyət Mərkəzində Xocalı soyqrımına həsr olunmuş “Doğma torpaq” adlı “bədii film nümayiş etdirilib
Tərtər Rayon İcra hakimiyyəti və Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər rayon nümayəndəliyinin təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində Xocalı soyqrımının 34-cü ildönümünə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin, Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər rayon nümayəndəliyinin kollektivi ilə birgə idarə, müəssisi, təşkilat kollektivləri və içtimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər rayonu üzrə nümayəndəsi Ceyhun İsmayılzadə acaraq, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni ordusunun sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalıda xalqımıza qarşı törədilən soyqrım haqqında danışıb. Qeyd olunub ki, Xocalı qətliamı Azərbaycan xalqının tarixində erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin acı nümunəsidir. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmının on illiyiyi münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etmişdir: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu". Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü.Tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı şəhəri, sözün əsl mənasında, işğalın nəticəsində xarabalığa çevrilib. Ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Bununla yanaşı, şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün izlər silinib.
Sonra rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Zabil Paşayev çıxış edib. O,bu qanlı cinayətin - Xocalı soyqırımının mənəvi ağrısını, ağlasığmaz dəhşətlərini dilə gətirib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsindən, 2020-ci ili Azərbaycan tarixinə Zəfər ili kimi yazılmasından danışan Zabil Paşayev, Güclü siyasi iradə, möhkəm iqtisadi potensial, qüdrətli ordu, xalq-lider vəhdəti, cəmiyyətdəki böyük ruh yüksəkliyi, vətənpərvərlik, əzmkarlığın parlaq qələbə ilə nəticələndiyini deyib, Xocalı soyqırımı qurbanlarının da qisası alındığını qeyd edib.
Sonra tədbir iştirakçıları Xocalı soyqrımına həsr edilmiş “Doğma torpaq” adlı bədii filmə baxıblar.






