Şriftin ölçüsü :

Saytın rəngi :

Ramazan bayramı münasibəti ilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun tərtərlilərə bayram təbriki

30 mart 2025 | 09:34

Əziz tərtərlilər!

Sizi müqəddəs Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizə uzun ömür, can sağlığı, ailənizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

Müqəddəs Qurani Kərimin nazil olduğu Ramazan ayı insanları birliyə, xeyirxahlığa, paklığa, mərhəmətə və humanizmə çağırır. İnsanlar bu ay oruc tutmaqla Allah qarşısında borclarını yerinə yetirir, nəfs üzərində qələbə sevincini yaşayırlar.

Odlar yurdu Azərbaycanda da Ramazan bayramı hər il böyük təntənə ilə qeyd edilir, xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı üçün dualar edilir, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsi dərin ehtiramla yad olunur.

Tərtərlilər həmişə olduğu kimi bu il də Ramazan bayramını sevinclə qeyd edirlər, dövlətimizin rifahı, vətənimizin bölünməzliyi üçün niyyət edir, şəhidlərimizin müqəddəs ruhuna dualar oxuyurlar. Ulu Tanrı etdiyimiz duaları qəbul etsin.

Bayram günlərində şəhid ailələri,aztəminatlı ailələr unudulmur, yardımlar edilir, hamı çalışır ki, qonum-qonşuda yaşayan imkansız ailələrə kömək edib, əl tutsun, hamının evində ramazan süfrəsinə qoyacağı təamlar olsun, ocaqlarında qazanları qaynasın.

Bu bayram günündə bir daha Sizləri və dünyanın müxtəlif bölgələrində yaşayan bütün soydaşlarımızı milli-mənəvi həmrəylik, bərabərlik, humanistlik bayramı olan Ramazan bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edir,. ailənizə xoşbəxtlik, süfrələrinizə bol ruzi, firavan həyat,ölkəmizə əmin-amanlıq,sülh arzulayıram. Qəlbinizdən Allah sevgisi, mərhəmət, üzünüzdən gülüş əskik olmasın.

Ulu Tanrı tutduğunuz orucu qəbul eləsin!
Bayramınız mübarək! 

Keçidlər