Şriftin ölçüsü :

Saytın rəngi :

Ramazan bayramı münasibəti ilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun tərtərlilərə bayram təbiriki

09 aprel 2024 | 08:58

Əziz tərtərlilər!

Sizi müqəddəs Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizə uzun ömür, can sağlığı, ailənizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

Müqəddəs Qurani Kərimin nazil olduğu Ramazan ayı insanları birliyə, xeyirxahlığa, paklığa, mərhəmətə və humanizmə  çağırır. İnsanlar bu ay Allah qarşısında borclarını və vəzifələrini yerinə yetirir, nəfs üzərində qələbə sevincini yaşayırlar.

İslam sivilizasiyasının tarixi-mədəni mərkəzlərindən olan Azərbaycanda Ramazan bayramı hər il böyük təntənə ilə keçirilir, xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı üçün dualar edilir, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsi dərin ehtiramla yad olunur.

Tərtərlilər hər il olduğu kimi bu il də Ramazan bayramını sevinclə qarşılayır, dövlətimizin rifahı, vətənimizin bölünməzliyi üçün niyyət edir, şəhidlərimizin müqəddəs ruhuna dualar oxuyurlar. Ulu Tanrı oxuduğunuz duaları qəbul etsin.

Bayram günlərində şəhid ailələrinə, aztəminatlı ailələrə yardımlar edilir, hər kəs çalışır ki, qonum-qonşuda tanıdıqları, aztəminatlı ailələrə kömək edib, əl tutsunlar, hamının evində ramazan süfrəsinə qoyacağı təamlar olsun, ocaqlarında qazanları qaynasın.

Bu bayram günündə bir daha Sizləri və xaricdə yaşayan bütün soydaşlarımızı milli-mənəvi həmrəyliyi, bərabərliyi humanistliyi özündə əks etdirən Ramazan bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Ailənizə xoşbəxtlik, süfrələrinizə bol ruzi, firavan həyat  arzulayıram. Qəlbinizdən Allah sevgisi, mərhəmət, üzünüzdən gülüş əskik olmasın.

Ulu Tanrı tutduğunuz orucu qəbul eləsin!

Bayramınız mübarək!

Keçidlər