Şriftin ölçüsü :

Saytın rəngi :

Qərbi azərbaycanlıların məskunlaşdığı Bəyimsarov kəndinin sakinləri tibbi müayinədən keçiblər

28 aprel 2025 | 16:15

Aprelin 28-də Tərtər rayon Bəyimsarov kəndində Qərbi Azərbaycan İcmasının Qadınlar Şurası, Ağsaqqallar Şurası, İcbari Tibbi Sığorta Dövlət Agentliyi, TƏBİB və Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tibbi humanitar aksiya təşkil olunub.

Aksiyadan əvvəl iştirakçılar Qərbi Azərbaycandakı yurd yerlərimizlə bağlı fotosərgiyə baxıblar. İcmanın Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı bu gün akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümü olduğunu diqqətə çatdırıb, onun zəngin həyat yolundan, pedaqoji və həkimlik fəaliyyətindən, yüksək insani keyfiyyətlərindən danışıb.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək öncə qonaqları salamlayıb, bildirib ki, 1987-1991-ci illərdə Qərbi Azərbaycanda doğma yurdlarını tərk etmək məcburiyyətində qalan minlərlə soydaşımızın bir qismi Tərtərin Bəyimsarov kəndində məskunlaşıb. Sonra rayon rəhbəri vaxtı ilə öz doğma yurdlarından didərgin düşən insanlara bu gün-görkəmli oftalmoloq alim Akademik Zərifə xanım Əliyevanın anadan olduğu gün təşkil edilən tibbi humanitar aksiyanın əhəmiyyətindən də danışıb.

Aksiya zamanı Bəyimsarov kəndində məskunlaşmış Qərbi Azərbaycan qaçqınlarının tibbi müayinəsi keçirilib. Müayinələr zamanı səhhətində problem aşkarlanan sakinlərə müvafiq tövsiyə və məsləhətlər verilib.

Kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirib, Qərbi Azərbaycana qayıdışı böyük inam və ümidlə gözlədiklərini diqqətə çatdırıblar.

Tədbir təşkilatçıları Bəyimsarov kəndində şəhidlər abidəsini ziyarət edib, şəhid ailələrinə baş çəkib, onlara müxtəlif sovqatlar çatdırıblar.

 

Keçidlər