Qəhrəman Tərtərin igid oğlu şəhid Hüseynov Anar Rəhim oğlunun şəhadətə ucalmasından 2 il ötür
“Rəşadətli Ordumuzun, igid hərbçilərimizin 44 günlük Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlar, vətən torpağı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri hər zaman xalqımızın qəlbində əbədi olaraq qalacaq. Qarabağı görməyən gənclərin qəhramanlığı, peşakar döyüşçü olmaları sayəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımız işğaldan azad olundu. Vətən uğrunda canından keçən həmyerlilərimizdən biri də 1997-ci il təvəllüdlü Hüseynov Anar Rəhim oğludur”.
Bu sözləri Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhid Anar Hüseynov haqqında danışarkən deyib.
Qəhrəman döyüşçü 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Sentyabrın 30-da Ağdərə istiqamətində gedən döyüşlər zamanı şəhid olub və Bərdə şəhərində Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.