Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağlı kəndində rayon rəhbərinin növbəti səyyar qəbul-görüşü keçirilib

09 mart 2023 | 14:25

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi sürətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü rayonun Qaradağlı kəndində keçirilib.

Qəbulda hüquq mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və rayon ağsaqqallar şurasının sədrləri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.

Rayon rəhbəri möhtərəm Prezident cənab İlham Əliyevin  diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan,  şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə dinamik inkişaf etdiyini və əldə olunan  nailiyyətlərin diqqət mərkəzində olduğunu bildirib.

Sonra kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verilib.

Bildirilib ki, Qaradağlı  kəndinin 1050 hektar ərazisi, 542 təsərrüfatı, 2290 nəfər əhalisi var. Ərazidə 1 məktəb, 1 körpələr evi-uşaq bağçası, 1 tibb məntəqəsi, 1 klub, 1 kitabxana, 10 ticarət, 5 iaşə və 4 məişət obyekti fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Kənd daimi işıq, qaz və içməli su  ilə təmin olunub.

Sakinlər 798 baş iribuynuzlu, 966 baş xırdabuynuzlu heyvan, 6735 baş quş, 180 arı ailəsi saxlayırlar.

Qaradağlı kəndində son üç ildə 1 km kəndarası yol cari təmir olunub,  əkin sahələrinə gedən su arxları 8 km məsafədə lildən təmizlənib, kənd ərazisində 1100 ədəd müxtəlif növ ağac əkilib,  yol kənarları alaq otlarından təmizlənərək səliqə-səhmana salınıb.

Rayon rəhbəri sakinlərə rəqəmsal icra hakimiyyəti portalına telefon vasitəsi ilə bu və digər məsələlərlə bağlı müraciət edə bilmələri haqqında da məlumat verib, erkən nikah və onun fəsadlarından da söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.

Rayon rəhbəri sonra sözü sakinlərə verib.

Kənd sakinlərindən Ramil Məmişov və Gülnar Quliyeva işlə təmin olunma, Gülnaz İlyasova isə pay torpağının zəbt olunması ilə bağlı müraciət ediblər. 

Qaldırılan məsələ nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıq verilib.

Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri  və qazilərə  göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər