Qapanlı kənd tam orta məktəbində Tərtər Rayon İcra Hakimiyyətinin və Dövlət Məşğulluq Agentliyinin Tərtər Rayon Xidmət şöbəsinin təşkilatçılığı ilə peşəyönümü ilə bağlı təlim keçirilib
Tərtər Rayon İcra Hakimiyyətinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Tərtər Rayon Xidmət şöbəsinin təşkilatçılığı ilə rayonun Qapanlı kənd tam orta məktəbində 8-11-ci sinif şagirdləri üçün peşəyönümü məsləhət təlimi keçirilib. Təlimdə 28 nəfər məktəbli iştirak edib.
Tədbiri giriş sözü ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Tərtər Rayon Xidmət şöbəsinin müdiri Ağamoğlan İsmayılov açaraq, şagirdlərə düzgün peşə seçmək üçün nələrə diqqət edilməsi, işəgötürənlər tərəfindən tələb olunan peşə və ixtisaslar barədə məlumatlar verib.
Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Svetlana Əzizova, məktəbin direktoru Fitat Əliyeva, təlim-tərbiyə işləri üzrə direktor müavini Fəridə Mustafayeva, psixoloq Solmaz Əliyeva peşə seçimi ilə bağlı şagirdlərə tövsiyələr veriblər. Qeyd olunub ki, texnologiyanın inkişafı ilə birlikdə peşə növlərinin sürətlə artması və ixtisaslaşmanın inkişafı peşəyönümü işinə xüsusi diqqət ayrılmasını müasir dövrdə məcburiyyət kimi qarşıya qoyur. Bu inkişaf gənclərin peşə seçimi imkanlarının artmasına səbəb olub. İnsan öz maraq və qabiliyyətlərini tanıması, peşələri dərk etməsi və özünə uyğun olanını seçməsi üçün peşəkar yardım xidmətinə müraciət etməlidir. Lakin getdikcə mürəkkəbləşən sosial həyatda böyüyən gənclərin peşələri görüb yaşayaraq tanımasına çox da imkan qalmayıb. Ona görə də gənclərə peşə imkanlarını tanıtmaq üçün ümumi təhsil müəssisələrində ibtidai təhsil səviyyəsindən başlayaraq peşəyönümü işinin sistemli təşkili son dərəcə vacibdir.
Bildirilib ki, fərdlərin öz maraq və qabiliyyətlərinə uyğun peşələr seçməsinin təmin edilməsində ən mühüm rol məktəblərdə peşəyönümü xidmətinin üzərinə düşür. Şagirdlər özlərinə ən uyğun peşəni seçə bilmələri üçün, ilk növbədə, öz maraq və qabiliyyətlərini tanımalıdırlar. Bu səbəbdən məktəb psixoloqunun şagirdlərin maraq və qabiliyyətləri haqqında dəqiq məlumat verəcək və etibarlılığı olan ölçmə vasitələrini bilməsi və istifadə etməsi vacibdir.
Sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Tərtər Rayon Xidmət şöbəsinin karyera məsləhətçisi Pərviz Quluzadə yuxarı sinif şagirdlərinə peşəyönümü ilə bağlı təlim keçib.
Təlim müddətində iştirakçılar peşə təhsili müəssisələri və müasir peşə təhsilinin əsas istiqamətləri ilə tanış olub, eyni zamanda, onlara peşəyönümü işinin təşkili üsulları, peşəyönümü fəaliyyətinin planlaşdırılmasına dair tövsiyələr verilib.
Əmək bazarında mövcud vəziyyətlə bağlı təqdimatlar edilib. Şagirdlərlə müsahibə və testlər keçirilib.