Şriftin ölçüsü :

Saytın rəngi :

Prime Cotton MMC-nin Tərtər filialında Novruz Bayramı qeyd edildi

19 mart 2025 | 15:21

19 mart 2025-ci il tarixində Prime Cotton MMC-nin təşəbbüsü və Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə şirkətin Tərtər filialında Novruz Bayramına həsr olunmuş tədbir keçirilib. Bu tədbirin məqsədi Prime Cotton şirkətinin Tərtər, Ağcabədi, Bərdə, Lənbəran və Ağdam filiallarının əməkdaşlarını və şirkətlə əməkdaşlıq edən fermerləri bir araya gətirərək onlarda bayram əhval-ruhiyyəsi yaratmaq olub.

Tədbir Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Prime Cotton MMC-nin Baş icraçı direktoru Rövşən Mahmudov, Prime Cotton MMC-nin Regional direktoru Rəşidov Amil Köçəri oğlu, “PAŞA Sığorta” ASC Bərdə Regioanal Nümayəndəliyinin rəhbəri Ülvi Məmmədzadə və digər qonaqların iştirakı ilə ağacəkmə aksiyası ilə başlanılıb. Filial ərazisində yaşıllaşdırma işləri aparılaraq ətraf mühitin qorunmasına töhfə verilib.

Bundan sonra Prime Cotton-un daxil olduğu GP Cotton Holdings şirkətinin müəssisələrinin məhsullarının sərgiləndiyi guşəyə baxış keçirilib. Tədbir iştirakçıları Giltex MMC, Mingəçevir Tekstil və Prime Cotton MMC-nin istehsal etdiyi məhsullarla yaxından tanış olublar.

Tədbirin rəsmi hissəsinin sonunda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Prime Cotton MMC-nin Baş icraçı direktoru Rövşən Mahmudov ənənəvi Novruz tonqalını alovlandırıblar. Daha sonra keçirilən atçılıq yarışında qalib xüsusi mükafatla təltif edildi.

Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov iştirakçıları Novruz və Ramazan bayramı münasibətilə təbrik edərək dövlətin kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərdən və pambıqçılığın bölgədəki əhəmiyyətindən danışdı. O, həmçinin son illərdə Tərtər rayonunun dövlət dotasiyasından asılı olmadan əsasən kənd təsərrüfatından gələn öz gəlirləri hesabına fəaliyyət göstərdiyini vurğuladı.

Prime Cotton MMC-nin Baş icraçı direktoru Rövşən Mahmudov da tədbir iştirakçılarına bayram təbriklərini çatdırdı. O, pambıqçılıq sahəsində müasir texnologiyaların tətbiqinin vacibliyini vurğulayaraq fermerləri şirkətin təşkil etdiyi təlimlərdən yararlanmağa və innovativ texnologiyaların tətbiqinə həvəslə yanaşmağa çağırdı.

Bayram şənliyinin davamında milli rəqslər nümayiş olundu, media nümayəndələri üçün müsahibələr və foto çəkilişlər təşkil edildi. Tədbirin ən yaddaqalan anlarından biri Prime Cotton MMC-nin adının əməkdaşların iştirakı ilə flashmob şəklində yazılması oldu.

Tədbir milli rəqs nümunələri və sevilən mahnıların məşhur müğənnilər tərəfindən ifası ilə davam edib.

Keçidlər