Poladlı kəndində rayon rəhbərinin növbəti səyyar qəbul-görüşü keçirilib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun Mamırlı kənd İƏD üzrə nümayəndəliyinin Poladlı kəndində keçirilib.
Qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə rayon rəhbəri yaşayış məntəqələrində keçirilən səyyar-qəbul görüşlər haqqında məlumat verib. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb.
İcra başçısı kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə də məlumat verib.
Bildirilib ki, Poladlı kəndinin 259 hektar ərazisi, 108 təsərrüfatı, 547 nəfər əhalisi, 157 hektar pay torpağı var. Ərazidə 1 kitabxana, 8 ticarət obyekti, 1 iaşə obyekti, 1 məişət xidməti obyekti fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər daimi işıq, qaz və su ilə təmin olunublar.
Sakinlər 300 baş iribuynuzlu, 410 baş xırdabuynuzlu heyvan, 3000 baş quş, 8 arı ailəsi saxlayırlar.
Poladlı kəndində son üç ildə elektrik xətləri kabelləşdirilmiş, 1 ədəd subartezian quyusu qazılıb, 3500 metr su arxı lildən təmizlənib, 3000 metr məsafədə kəndarası yol cari təmir olunub, kənarları abadlaşdırılıb, kənd ərazisində 200 müxtəlif növ ağac əkilmişdir.
Rayon rəhbəri sakinlərə Rəqəmsal icra hakimiyyəti portalına telefon vasitəsi ilə bu və digər məsələlərlə bağlı müraciət edə bilmələri haqqında da məlumat verib, əkin sahələrində baş verəcək yanğın hadisələrinin qarşısının alınması tədbirlərindən danışıb, erkən nikah və onun fəsadlarından da söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
Rayon rəhbəri sonra sözü sakinlərə verib.
Kənd sakinlərindən Vəliyəddin Əliyev məktəbin qarşısındakı yolda sürəti azaltmaq üçün maneələrin qoyulması, suvarma arxının təmizlənməsi, Ramil Rzayev həyətyani torpaq sahəsi ilə təmin olunma, Oruc Qoçuyev yeni subartezian quyusunun qazılması, Elxan Həsənov pay torpaq sahəsinin zəbt olunması, Tamara Salahova Məşğulluq Mərkəzi tərəfindən heyvandarlıq aktivi ilə təmin olunma, Hökumə Məmmədova oğlunun Mamırlı kənd tam orta məktəbində təhsil almağına köməklik göstərilməsi, İlham Əhmədov subartezian quyusunun təmir olunması, Fərman Fərmanzadə bələdiyyənin torpaq sahəsindən 1 hektarının icarəsinə ayrılması və digər məsələlər ilə bağlı müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.