8 noyabr - Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Vətən Müharibəsi şəhidi Hacıyev Qubadın ailəsi ziyarət edilib
“Konstitusiya və Suverenlik İli” və 8 noyabr-Zəfər Gününün beşinci ildönümünün qeyd olunması ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər RİHB aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin baş məsləhətçisi Pərviz Murtuzayev, Qarabağ Regional Mədəniyyət idarəsinin Tərtər üzrə nümayəndəsi Ceyhun İsmayılzadə və onun əməkdaşları, Tərtər Cümə məscidinin imamı Sadiq Cəfərov Tərtər şəhərində Vətən Müharibəsi şəhidi Hacıyev Qubad Cəmil oğlunun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıblar.
Çıxış edənlər vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda edən bütün qəhrəmanlarımızın xalqın sevimlisinə çevrildiyini və onların heç bir zaman unudulmayacağını bildiriblər.
Qeyd edək ki, Qubad Hacıyev 1988-ci il may ayının 19-da Tərtər şəhərində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Qubad Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Qubad Hacıyev sentyabrın 27-də Ağdərə istiqamətində şəhid olub. Yevlax rayonunun Nəmirli kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Qubad Hacıyev ölümündən sonra "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






